İDMAN
Maradona Argentinanın “Ximnasiya və Esqrima” klubunun baş məşqçisi vəzifəsinə qayıdıb
Bakı, 22 noyabr, AZƏRTAC
Diyeqo Maradona yenidən La-Platanın (Argentina) “Ximnasiya və Esqrima” futbol klubunun baş məşqçisi olub.
AZƏRTAC xəbər verir ki, əfsanəvi futbolçu bu haqda məlumatı öz “Instagram” səhifəsində yerləşdirib.
Maradona ilə müqavilə cari mövsümün sonuna kimi bağlanıb. Klubunun prezidenti Qabriel Pelleqrino noyabrın 19-da bildirib ki, argentinalı mütəxəssis daha bu komandanın baş məşqçisi deyil. Bildirilirdi ki, Maradonanın bu klubdan getməsinə səbəb “Ximnasiya”nın rəhbərliyi ilə onun arasında yaranmış fikir ayrılıqları olub.
Maradona yazıb: “Bunu bildirməyə çox şadam ki, komandanın baş məşqçisi vəzifəsində qalıram. Azarkeşlərə və oyunçulara təşəkkür etmək istəyirəm, çünki sizin sayəsində biz rəhbərliklə kompromisə gəldik, ümidvaram ki, onlar vədlərinə əməl edəcəklər. Sizin dəstəyiniz üçün təşəkkürümü bildirmək, “Diyeqo, qayıt!” deyən balaca oğlanı xüsusi qeyd etmək istəyirəm. İrəli, canavarlar (klubun azarkeşlərinin ləqəbi), irəli, “Ximnasiya”.
“Ximnasiya və Esqrima” cari Argentinanın çempionatında 13 matçda 10 xal toplayaraq 22-ci yer tutur. Maradona bu kluba başçılıq etməyə gələndə beş matçdan sonra aktivində cəmi bir xal olan “Ximnasiya və Esqrima” cədvəldə sonuncu yeri tuturdu. 1887-ci ildə yaradılmış “Ximnasiya və Esqrima” Argentinada ən qədim klublardan biridir.
Maradona 1986-cı il dünya çempionu və XX əsrin ən yaxşı futbolçularından biridir. O, Argentinanın “Arxentinos Xuniors”, “Boka Xuniors” və “Nyuells Old Boyz”, İspaniyanın “Barselona” və “Sevilya”, həmçinin İtaliyanın “Napoli” komandalarının heyətində çıxış edib. Argentinalı hücumçu İtaliya çempionatının və İtaliya Kubokunun, İspaniya Kubokunun və UEFA Kubokunun qalibi olub. Hücumçu 687 matçda 363 qol, o cümlədən Argentina yığmasının heyətində keçirdiyi 113 matçda 50 qol vurub.
Maradona 2005-ci ilin iyunundan 2006-cı ilin avqustunadək Argentinanın “Boka Xuniors” klubunun futbol komissiyasının vitse-prezidenti, 2008-2010-cu illərdə Argentina yığmasının məşqçisi olub. 2010-cu ildə Argentina yığmasını dünya çempionatının dörddəbir finalına çatdırıb. Bundan sonra (2011-2012-ci illərdə) BƏƏ-də “Əl-Vəsl” klubuna başçılıq edib, 2017-ci il mayın 8-də bu ölkədəki “Əl-Füceyr” klubunun baş məşqçisi vəzifəsinə təyin edilib, 2018-ci il aprelin sonunda həmin vəzifəni tərk edib. 2018-2019-cu illər mövsümündə “Dorados” futbol klubuna (Meksika) başçılıq edib, bu ilin iyununda həmin klubla vidalaşıb.