SİYASƏT


Mariya Zaxarova: Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusu alması məsələsi üzərində işlər Azərbaycanla sıx əlaqəli şəkildə aparılır

Moskva, 13 noyabr, AZƏRTAC

Rusiya Federasiyasının Qoşulmama Hərəkatında müşahidəçi statusu alması məsələsi üzərində işlər Azərbaycanla sıx əlaqəli şəkildə aparılır.

AZƏRTAC xəbər verir ki, RF Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bunu Moskvada brifinqdə bəyan edib. O xatırladıb ki, dekabrın 3-4-də Nyu-Yorkda yeni koronavirus infeksiyası pandemiyasına münasibət mövzusunda BMT-nin 31-ci Xüsusi Baş Assambleyası çərçivəsində çıxışlar olacaq.

M.Zaxarova deyib: “Bu sessiyanın çağırılması təşəbbüsünü Qoşulmama Hərəkatının sədri kimi Azərbaycan Prezidenti irəli sürüb. Rusiya Federasiyası lap əvvəldən MDB üzrə tərəfdaşımızın bu ideyasını dəstəkləyib. Biz həmin tədbiri COVID-19-a münasibət baxımından mühüm addım, pandemiyaya qlobal cavabın razılaşdırılmasında BMT-nin aparıcı rolunun təsdiqi kimi baxırıq. Baş Assambleya bundan əvvəl də bu istiqamətdə mühüm qərar qəbul edib – BMT Təhlükəsizlik Şurası koronavirusa qarşı mübarizə üzrə qətnaməni bəyənib”.

RF XİN-in rəsmi nümayəndəsi vurğulayıb ki, Moskvanın ehtimalına görə, qarşıdakı xüsusi sessiyada diskussiya konstruktiv xarakter daşıyacaq, pandemiyaya münasibət üzrə göstərilmiş səylərə yekun vuracaq, bizim birgə mübarizəni davam etdirmək üçün siyasi iradənin səfərbər edilməsinə şərait yaradacaq.

M.Zaxarova deyib: “Rusiyanın Qoşulmama Hərəkatında müşahidəçi statusu almasının mümkünlüyü məsələsinə gəldikdə, biz həqiqətən bu məsələni Qoşulmama Hərəkatının fəaliyyətdə olan sədri kimi Azərbaycan ilə sıx əlaqəli şəkildə araşdırırıq. Son illərdə Qoşulmama Hərəkatı ilə, ilk növbədə, bu ümumdünya təşkilatının məkanında çox sıx qarşılıqlı əlaqə formalaşıb. Beynəlxalq gündəlikdəki məsələlərin əksəriyyəti barədə Qoşulmama Hərəkatının üzvləri olan dövlətlərin və Rusiyanın yanaşmalarının yaxın olması və ya üst-üstə düşməsi ona şərait yaradacaq. Bu fonda Rusiyanın statusunun artırılması məntiqəuyğun təşəbbüs hesab edilir və aşkardır ki, bu təşəbbüsün reallaşması Qoşulmama Hərəkatının nizamnamə sənədlərində nəzərdə tutulmuş bir sıra təşkilati və prosedur tələblərə riayət edilməsi ilə bağlıdır”.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.