CƏMİYYƏT
Markus Şox: Azərbaycanda multikulturalizm və tolerantlıq ideyalarının inkişafı istiqamətində atılan addımlar təqdirəlayiqdir
Bakı, 19 fevral, AZƏRTAC
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov fevralın 19-da Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ilə görüşüb.
Komitənin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə sədr müavini Səyavuş Heydərov Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində ölkəmizdə inkişaf edən tolerant mühiti barədə söhbət açıb. Sədr müavini Azərbaycanda dinlərarası harmoniyanın yaradılmasına, dini konfessiyalar arasında əməkdaşlığın genişləndirilməsinə xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirib ki, dini konfessiyaların qanun qarşısında bərabər olması, digər dinlərə məxsus ibadətgahların bərpa edilməsi, dini icmalara mütəmadi maliyyə yardımlarının ayrılması Azərbaycan gerçəkliyini əks etdirən sağlam dini-mənəvi durumun göstəricisidir.
Cənubi Qafqaz və Gürcüstan Yevangelik-Lüteran kilsəsinin yepiskopu Markus Şox ölkəmizdə multikulturalizm və tolerantlıq ideyalarının inkişaf etdirilməsi istiqamətində atılan addımları yüksək qiymətləndirib. Markus Şox Azərbaycanda almanlara aid tarixi-dini abidələrin qorunub saxlanılmasına və Xilaskar Yevangelik Lüteranların Bakı dini icmasının fəaliyyətinə göstərilən davamlı dəstəyə və qayğıya görə minnətdarlığını ifadə edib.
Görüşdə, eyni zamanda, xalqımızın tarixi və mədəniyyətində dərin iz qoymuş alman yaşayış məskənlərinin salınmasının 200 illiyinin ölkəmizdə qeyd olunması, bu münasibətlə Dövlət Komitəsi ilə birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.
Sonda sədr müavini qonağa Dövlət Komitəsinin nəşri olan Azərbaycan xalqının zəngin multikultural ənənələri və etnik-dini dözümlülük mühitindən bəhs edən kitablar hədiyyə edib.