REGİONLAR
Masallıda fəal gənclərin bir qrupuna və könüllülərə mükafatlar təqdim olunub
Masallı, 7 fevral, Bağır Əliyev, AZƏRTAC
Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə mövcud karantin rejimi qaydaları çərçivəsində, ötən il rayonun ictimai-siyasi həyatında və Vətən müharibəsində arxa cəbhədə fəal iştirak edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşları, Gənclərin İnkişaf və Karyera Mərkəzi Masallı nümayəndəliyinin gənc könüllüləri ilə görüş keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsinin tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildiyi qeyd olunub. Azərbaycan xalqı öz liderinin - Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Diqqətə çatdırılıb ki, haqq və ədalət uğrunda aparılan Vətən müharibəsində qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı Qələbəsinin şahidi oldu. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 30-dan artıq kəndi, eləcə də Tərtər və Xocalı rayonlarının bir sıra kəndləri – bütövlükdə, 300-dən çox yaşayış məntəqəsinin işğaldan azad edilməsindən sonra düşmənin kapitulyasiyası Ordumuzun gücü hesabına əldə olunmuş nəticədir.
Qeyd olunub ki, Vətən müharibəsi dövründə Masallı rayonunun gəncləri arxa cəbhədə, rayonun ictimai-siyasi həyatında və koronavirus infeksiyası ilə mübarizə məqsədilə həyata keçirilən tədbirlərdə fəallıq nümayiş etdiriblər.
Rayon rəhbərliyi gəncləri səmərəli fəaliyyətlərinə görə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Görüşün sonunda gənclərə fəxri-fərmanlar təqdim olunub.