REGİONLAR
Masallıda gənclərin bir qrupu və məşqçi müəllimlər mükafatlandırılıb
Masallı, 26 iyul, Bağır Əliyev, AZƏRTAC
İyulun 26-da Masallı şəhərindəki Gənclər Mərkəzində Gənclər və İdman Nazirliyinin yaranmasının 22-ci ildönümünə həsr olunmuş “dəyirmi masa” keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən rayon gənclər və idman idarəsinin rəisi Camal Manafov ölkəmizdə və Masallıda dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlər, həyata keçirilən layihələrdən danışıb. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın gələcək qurucuları adlandırdığı gənclərə böyük qayğı göstərirdi. Ölkəmizdə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclərin ümumrespublika forumunun keçirilməsi, 2 Fevralın Azərbaycan gəncləri günü elan edilməsi, gənclərlə bağlı 5 Dövlət Proqramının qəbul olunması bu qayğının bariz nümunəsidir.
Bildirilib ki, bu gün ölkəmizdə dövlət gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirir. Məhz bu diqqət gənclərimizin fəallığını daha da artıraraq onların həyatımızın bütün sahələrində yeni nailiyyətlər qazanmağa sövq edir.
Tədbirdə rayon təhsil şöbəsinin metodisti Nazim İsrafilov, fəxri bədən tərbiyəsi və idman işçisi Tahir Məmmədov, Əməkdar Məşqçi Xanağa Quliyev və başqaları çıxış edərək dövlət gənclər siyasətinin icrası istiqamətində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıblar.
Sonda gənclərin bir qrupuna və məşqçi müəllimlərə fəxri fərmanlar və hədiyyələr verilib.