REGİONLAR
Masallıda şagirdlər arasında keçirilən inşa-yazı müsabiqəsinin qalibləri müəyyənləşib
Masallı, 12 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 12-də Masallı şəhərindəki Gənclər Mərkəzində Rayon Gənclər və İdman İdarəsinin və Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə rayonun tam orta ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında akademik Zərifə Əliyevanın anadan olmasının 96-cı ildönümünə həsr edilmiş inşa-yazı müsabiqəsi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin Camal Manafov və Təhsil Şöbəsinin metodistləri Əkbər Balaşoğlu akademik Zərifə Əliyevanın zəngin və mənalı ömür yolundan danışıblar.
Qeyd olunub ki, Zərifə xanım Əliyeva ölkəmizdə tibb elminin inkişafına mühüm töhfələr verərək oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb. Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib.
İnşa-yazı müsabiqəsində VIII-IX sinif şagirdləri arasında Ərkivan qəsəbə 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Jalə Məmmədli birinci, şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Mehriban Kazımova ikinci, Hüseynhacılı kənd tam orta məktəbin IX sinif şagirdi Məleykə Abdullayeva üçüncü yerə layiq görülüblər.
XI sinif şagirdləri arasında isə “Dəfinə” məktəb-liseyinin şagirdi Aydan Əşrəfova, Hüseynhacılı kənd tam orta məktəbin şagirdi Günay Abdullayeva və Banbaşı kənd tam orta məktəbin şagirdi Arzu Abdulhəsənova fərqləniblər.
Müsabiqədə fərqləndiyinə görə Hişkədərə kənd tam orta məktəbinin X sinif şagirdi Röya Nəzərova diplomla mükafatlandırılıb.
Qaliblərə diplomlar və hədiyyələr təqdim olunub.