REGİONLAR
Masallıda yaşlı nəslin nümayəndələrinə və tənha insanlara ərzaq bağlamaları paylanılıb
Masallı, 6 aprel, Bağır Əliyev, AZƏRTAC
Koronavirus (COVID-19) pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə tam riayət olunması məqsədilə gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirən Masallı Rayon İcra Hakimiyyətinin əməkdaşları “Evdə qal!” devizi ilə keçirilən aksiyaya qoşularaq, yaşı 65-dən yuxarı olan və tənha yaşayan insanlara ərzaq bağlamaları paylayıblar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya çərçivəsində, ümumilikdə, 143 nəfər rayon sakininə ərzaq yardımları edilib. Zəruri ərzaq məhsulları vətəndaşlara yaşadıqları ünvanlarda çatdırılıb.
Aksiyadan yararlanan insanlar onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Rayon icra hakimiyyətinin əməkdaşları yaşı 65-dən yuxarı olan və tənha insanlarla görüş zamanı, həmçinin onlarla fərdi qaydada söhbətlər apararaq şəxsi gigiyena qaydalarına ciddi riayət olunmasının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə sözsüz əməl etmələrinin vacibliyini diqqətə çatdırıblar.