REGİONLAR
Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” sevinci
Masazır, 14 iyun, Ətrabə Rzayeva, AZƏRTAC
İyunun 14-də səhər saatlarında Abşeron rayonu Masazır kənd 4 nömrəli tam orta məktəbdə “Son zəng” sevinci yaşanırdı. Məktəbin rəhbərliyi, müəllim və valideynlər məzunların “Son zəng” tədbirinin yüksək səviyyədə keçirilməsi, uzun illər yadda qalacaq əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişdilər.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məzunlar tədbir iştirakçılarının alqışları altında meydana daxil olublar.
Məktəbin direktoru Roza Məmmədova kollektivin təhsildə qazandığı uğurlardan, şagirdlərin əldə etdikləri nailiyyətlərdən danışaraq bildirib ki, Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan məktəb binası 2016-cı ildən fəaliyyət göstərir. Hazırda məktəbdə 1400-dən artıq şagird iki sektorda təhsil alır ki, onlardan 22 nəfəri bu il məzun olur. Direktor məktəbdə keyfiyyətli təhsil üçün yaradılan şəraitə görə Prezident İlham Əliyevə və birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva minnətdarlığını bildirib.
Təhsil nazirinin müavini Firudin Qurbanov məzunların həyatında bu gündən etibarən yeni mərhələ bağlandığı qeyd edib. “Siz xoşbəxtsiniz ki, məktəb illəriniz ölkəmizin müstəqillik dövrünə təsadüf edir”, - deyən nazir müavini məzunlara peşə seçimində daha diqqətli olmağı, əmək bazarındakı rəqabəti nəzərə almağı tövsiyə edib. F.Qurbanov müstəqil Azərbaycanın layiqli vətəndaşı kimi milli mənəvi dəyərlərə sahib olmağın, daim bilik və bacarıqları artırmağın vacibliyini vurğulayıb.
Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quluyev son illər rayonda təhsil sahəsində görülən işlərdən danışıb. Qeyd edib ki, 2017-2018-ci tədris ilində Heydər Əliyev Fondu tərəfindən Masazır kəndində daha bir məktəb binası tikilərək istifadəyə verilib. Mehdiabad qəsəbəsində inşa olunan başqa bir məktəbin 2018-2019-cu tədris ilində fəaliyyətə başlaması nəzərdə tutulub. Bütün bunlar dövlətimizin başçısının ölkəmizdə elmə və təhsilə göstərdiyi diqqət və qayğının bariz nümunəsidir.
Tədbirdə, həmçinin rayon təhsil şöbəsinin müdiri Nazilə Məmmədova çıxış edərək, 2017-2018-ci tədris ilində rayonun təhsil həyatında qazanılmış uğurlar haqqında ətraflı məlumat verib. Bildirilib ki, bu il rayon ümumtəhsil məktəblərindən 2207 şagird məzun olur, onlardan 1184 nəfəri ali təhsil müəssisələrinə birinci qəbul imtahanında iştirak edib və 70-dən çox abituriyent 600-dən yuxarı, 129 nəfər isə 500-600 arası bal toplayıb.
Çıxış edən valideynlər və şagirdlər məzunlara xoş arzularını çatdırıblar.
Əmək fəaliyyətində fərqlənən bir qrup müəllim fəxri fərmanla təltif olunub.
Tədbir məktəblilərin hazırladığı bədii kompozisiya, şən mahnılar və şux rəqslərlə davam edib.