ELM VƏ TƏHSİL
May ayında Təhsil Nazirliyinə 21 mindən çox müraciət daxil olub
Bakı, 5 iyun, AZƏRTAC
Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (“Qaynar xətt” xidməti, telefon: 146) daxil olan zənglərlə və Vətəndaşların Qəbulu Mərkəzində bu ilin may ayında vətəndaşlara göstərilən xidmətlərlə bağlı statistika açıqlanıb.
Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, qeyd olunan müddət ərzində həmin mərkəzlərə ümumilikdə 21 min 88 müraciət daxil olub.
Statistikaya əsasən, Telefon Məlumat Mərkəzində 17 min 685 zəng qəbul edilib. Vətəndaşların Qəbulu Mərkəzində isə bu dövrdə 3 min 403 vətəndaşa xidmət göstərilib.
Telefon Məlumat Mərkəzinə və Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin (əsasən sorğu xarakterli olub) əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub. Vətəndaşların Qəbulu Mərkəzində 1315 sənəd (547 məktub, 377 ərizə, 391 digər sənəd) qəbul olunub və qeydiyyata alınıb.
Daxil olan müraciətlər daha çox müəllimlərin yerdəyişməsi və işə qəbulu, ali təhsil sənədlərinin (diplomların) tanınması (nostrifikasiya) və müəllimlərin diaqnostik qiymətləndirilməsi ilə bağlı məsələləri əhatə edib.