ELM VƏ TƏHSİL
Mediasiya proseslərinin insan hüquqlarının qorunması sahəsində əhəmiyyətinə dair təqdimat olub
Bakı, 24 noyabr, AZƏRTAC
Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov Hüquq və İnsan Haqları İnstitutunda “Mediasiya proseslərinin insan hüquqlarının qorunması sahəsində əhəmiyyəti” mövzusunda təqdimat keçirib.
Bu barədə AZƏRTAC-a institutdan bildirilib. Tədbirdə institutun İdarə Heyətinin sədri Məhəmməd Quluzadə müəssisənin əsas fəaliyyət istiqamətlərindən danışıb, həmçinin institutda müxtəlif hüquqi təlimlərin, maarifləndirməyönümlü tədbirlərinin keçirildiyini iştirakçıların diqqətinə çatdırıb.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova Azərbaycan ədliyyəsinin davamlı inkişafı üzrə görülən ardıcıl və məqsədyönlü tədbirləri, qazanılan nailiyyətləri və qarşıda duran prioritetləri diqqətə çatdırıb, yeni fəaliyyətə başlamış Mediasiya Şurası ilə səmərəli qarşılıqlı fəaliyyətlərinin olduğunu qeyd edib. Bildirib ki, Mediasiya Şurasının fəaliyyəti məhkəmələrin iş yükünü azaldır, ictimai etimadı daha da artırır. O, həmçinin bu cür tədbirlərin mütəmadi təşkil olunmasının, bu sahədə maarifləndirmə işlərinin aparılmasının vacibliyini qeyd edib.
Nadir Adilov rəhbərlik etdiyi qurumun cəmiyyətə açıq, şəffaf və hesabatlı olduğunu vurğulayıb. Mediasiya Şurasının tərkibində özünə nəzarət edən orqan olaraq İntizam Komissiyası yaradılması barədə məlumat verib. Həmçinin mediasiya prosesində mediatorun tərəflərə bərabər imkanlar yaratdığını və hüquq bərabərliyini təmin etdiyini, xüsusilə ailə, kommersiya və əmək mübahisələrində faydalı olduğunu bildirib.
Nadir Adilov vacib statistik məlumatları da tədbir iştirakçılarının diqqətinə çatdırıb. O, ümumilikdə Bakı şəhərində 178 nəfər, Naxçıvan MR-də 5 nəfər, rayonlarda isə ümumilikdə 90 nəfər mediatorun işlədiyini, fəaliyyət göstərdiyi müddətdə təxminən 45 min işin quruma daxil olduğunu, onlardan 36 min 613 işin məhkəmədə baxıldığını qeyd edib.
Görüşün sonunda mediasiya sahəsində görülmüş işlər təhlil olunub, iştirakçıların sualları cavablandırılıb, ətraflı müzakirələr aparılıb, təkliflər səsləndirilib.