ELM VƏ TƏHSİL
Məktəb-liseydə tədbir: “Zəfərin təntənəsi”
Bakı, 22 dekabr, AZƏRTAC
Paytaxtdakı 20 nömrəli məktəb-liseydə “Şuşa İli”nin yekununa həsr olunmuş “Zəfərin təntənəsi” adlı tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, tədbirdə çıxış edən BŞTİ-nin müdiri Mehriban Vəliyeva “Şuşa İli”nin tarixi əhəmiyyəti barədə məlumat verib. Qeyd edib ki, “Şuşa İli” 2022-ci ildə bu qədim Azərbaycan şəhərinin əsasının qoyulmasının 270 illiyinin tamam olması və ölkəmizdə milli-mədəni və tarixi irsin qorunmasına, təbliğinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilməsinin nümayişidir. “Şuşa İli” həm də həyata keçirilən tədbirlərlə Qarabağın əsl sahibinin kim olduğunu dünya ictimaiyyətinə bir daha göstərməklə uzun illər tarixi saxtalaşdırmaq istəyən ermənilər və onların yalanlarını əyani faktlarla ifşa etdi.
Digər çıxış edənlər Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Qarabağı, Şuşanı işğalçılardan təmizləmək üçün göstərdikləri misilsiz qəhrəmanlıqların gələcək nəsillərə aşılanmasının böyük əhəmiyyət daşıdığını söyləyiblər.
Sonra şagirdlər “Xurşidbanu Natəvan”, “Bir əsgərin dastanı” və “Qarabağ şikəstəsi” kompozisiyalarını təqdim edib, Zəfərə həsr olunan şeirlər söyləyib, mahnılar oxuyublar.