REGİONLAR
Məktəblərdə pandemiya rejiminin gözlənilməsinə nəzarət məqsədilə komissiyalar yaradılıb VİDEO
İsmayıllı, 29 yanvar, AZƏRTAC
İsmayıllı rayonunun təhsil müəssisələrində COVID-19 infeksiyasının profilaktikasına dair göstərişlər və hüquqi baza nəzərə alınmaqla, fevralın 1- dən I-IV siniflərdən başlanmaqla tədrisin əyani formada mərhələli təşkilinə ciddi hazırlıq işləri görülür.
Rayon təhsil şöbəsindən AZƏRTAC–ın bölgə müxbirinə bildirilib ki, ümumtəhsil ocaqlarında pandemiya rejimi qaydalarına əməl olunmasına nəzarət məqsədilə xüsusi komissiyalar yaradılıb.
Ümumtəhsil məktəblərində təlimata uyğun olaraq xüsusi tibbi–profilaktik tədbirlər də görülüb. Belə ki, tədris ocaqlarının həyətində araları 1,5 metr olmaqla məsafə xətləri çəkilib. Dərsə davamiyyət cədvəlləri xüsusi qaydalara uyğun tənzimlənib. Müəllimlər üz sipəri, tibbi maska və əlcəklərlə təmin edilib. Hər bir məktəb müvafiq qoruyucu vasitələrlə - dezinfeksiyaedici və gigiyenik məhlullarla təmin olunub. Məktəbə daxil olacaq hər bir müəllimin və şagirdin məsafədənölçən aparatla hərarəti yoxlanılacaq, spirt və digər gigiyenik vasitələrlə əlləri dezinfeksiya ediləcək. Sinif otaqlarında partalar və oturacaqlar tələb olunan qaydada, pandemiya şərtlərinə uyğun düzülüb. Təhsil ocaqlarındakı sanitar- gigiyenik qovşaqların qarşısında məsafə işarələri qoyulub ki, bu da şagirdlərin məsafə saxlamalarına yardımçı olur.