CƏMİYYƏT
Məktəblilər üçün “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib
Bakı, 11 iyul, AZƏRTAC
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzinin “Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı çərçivəsində “Ceyranları qoruyaq!” adlı ekoloji yay düşərgəsi təşkil edilib.
IDEA İctimai Birliyindən AZƏRTAC-a verilən məlumata görə, Göygöl rayonunda təşkil olunan düşərgədə Goranboy, Samux, Qax və Şəki rayonlarından 70-dən çox məktəbli iştirak edib. Ekoloji yay düşərgəsi ceyranların reintroduksiya edildiyi ərazilərdə yaşayan gənc nəsli bu növ barədə maarifləndirmək məqsədilə keçirilib. Düşərgə iştirakçıları ceyranların həyat tərzi, yayıldığı ərazilər və təbiətdəki rolu haqqında ətraflı məlumatlandırılıblar. Uşaqlar, həmçinin müxtəlif ekoloji tədqiqatların aparılmasında, viktorina və müsabiqələrdə iştirak ediblər. Həmçinin onlar Göygöl Milli Parkı ilə tanış olublar. Yekunda düşərgə iştirakçılarına sertifikatlar və xatirə hədiyyələri təqdim olunub.
“Ceyranların Qafqazda tarixən məskunlaşdıqları ərazilərə reintroduksiyası” proqramı 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən başlanılıb. Proqram IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı çərçivəsində uğurla icra olunur. Bu illər ərzində 150 başdan artıq ceyran Şirvan Milli Parkından Azərbaycan və Gürcüstandakı tarixən məskunlaşdıqları ərazilərə qaytarılıb. Hazırda ceyranların daimi monitorinqi və mühafizə işləri həyata keçirilir.
IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun Azərbaycan nümayəndəliyi və Təhsil Nazirliyi ətraf mühit və biomüxtəliflik mövzusunda düşərgələri mütəmadi olaraq hər il təşkil edir.