ELM VƏ TƏHSİL
Məktəblilərə Azərbaycanın qədim maddi mədəniyyət nümunələri haqqında məlumat verilib
Bakı, 11 fevral , AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində yaradılmış “Arxeo” klubun üzvləri ilə ilk görüş keçirilib.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, “Arxeo” klubun üzvləri olan 2 nömrəli Texniki-Humanitar Elmlər Liseyinin şagirdlərinin iştirakı ilə keçirilən görüş AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun sərgi zalında reallaşdırılıb. “Arxeo” klubun rəhbəri Esmira Rəhimova klub üzvlərinə Azərbaycanın qədim tarixini əks etdirən maddi mədəniyyət nümunələri haqqında məlumat verib.
Klub üzvlərinin tanış olduqları həmin nümunələr Azərbaycanın müxtəlif bölgələrində aparılan arxeoloji qazıntılar zamanı tapılmış daş, sümük, gil və metal tərkibli əşyalardır.
Sonra liseyin tarix müəllimi Sevil Nəsibova küp qəbirlər, boyalı qabların bölgə xüsusiyyətləri və qədim bəzək əşyaları haqqında danışıb.
Qeyd edək ki, “Arxeo” klubun yaradılmasında əsas məqsəd məktəblilərə, gənclərə milli-mənəvi dəyərlərimizi daha da sevdirmək, onların arxeologiya sahəsində biliklərini artırmaq, maddi mədəni irsimiz və tarixi abidələrimiz haqqında təsəvvürlərini zənginləşdirməkdən ibarətdir.