ELM VƏ TƏHSİL
Memarlıq və İnşaat Universitetinin tələbələri “Təmiz Şəhər” Sənaye Parkına ekskursiya ediblər
Bakı, 11 may, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) ekologiya ixtisasında təhsil alan III kurs tələbələri “Təmiz Şəhər” ASC-nin Balaxanı Sənaye Parkı və Balaxanı Bərk məişət tullantılarının çeşidlənməsi zavoduna ekskursiya ediblər.
Bu barədə AZƏRTAC-a AzMİU-dan məlumat verilib. Bildirilib ki, “Təmiz Şəhər” ASC ilə AzMİU arasında imzalanmış fəaliyyət planına əsasən tələbələr universitetdə keçdikləri seminarları müəssisənin Sənaye Parkında ənənəvi olaraq görüblər. Ekskursiya Strateji planlaşdırma şöbəsinin mütəxəssisi Vasif Əskərovun rəhbərliyi ilə keçirilib.
Əvvəlcə çeşidləmə zavodunun direktoru Eldar Hüseynov tələbələri monitor vasitəsilə orada gedən proseslərlə tanış edib, onlara lazımi məlumatlar verib.
Daha sonra tələbələr sənaye parkının rezidentləri olan “Metak”, “ÇAPAR”, “AzEkol” və “Ekokat” təkrar emal zavodlarına baş çəkiblər. Tələbələrə hər müəssisələrin istehsalatla bağlı prosesləri, iş prinsipi barədə ətraflı məlumatlar verilib. Onlar tullantıların bütün mərhələlər üzrə idarəolunması prosesini izləyiblər.
Zavodun mütəxəssisləri gənc ekoloqların suallarını cavablandırıblar.