CƏMİYYƏT
“Mən Azərbaycan haqqında nə bilirəm?” inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
Bakı, 16 sentyabr, AZƏRTAC
İslam ölkələrinin gəncləri arasında keçirilmiş “Mən Azərbaycan haqqında nə bilirəm?” inşa yazı müsabiqəsinin qalibləri sentyabrın 16-da mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, mükafatlandırma mərasimində layihə çərçivəsində indiyədək görülən işləri əks etdirən film nümayiş olunub.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində əldə olunan uğurlardan danışıb, ölkəmizdə gənclərin fəaliyyəti üçün hər cür şəraitin yaradıldığını bildirib. Nazir müavini qeyd edib ki, dövlətimizin başçısı tərəfindən gənclərlə bağlı mütəmadi olaraq müxtəlif fərman və sərəncamlar imzalanır, dövlət proqramları qəbul edilir və uğurla icra olunur. Ötən gün Azərbaycan Prezidentinin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı da ölkəmizdə gənclər sahəsinə göstərilən yüksək diqqət və qayğının göstəricisidir. Azərbaycan Respublikasının Prezident yanında Gənclər Fondu ölkəmizdə gənclər təşkilatlarının və fərdi gənclərin fəaliyyətinin əlaqələndirilməsində, onların təşəbbüs və layihələrinin dəstəklənməsində mühüm rol oynayır.
“Mən Azərbaycan haqqında nə bilirəm?” layihəsi barədə məlumat verən İ.Babayev diqqətə çatdırıb ki, müsabiqələrin keçirilməsində məqsəd Azərbaycanın milli-mədəni və tarixi irsinin xarici ölkələrin gəncləri arasında təbliğ etmək, xarici ölkələrin gənc alim və tədqiqatçılarının Azərbaycanı yaxından öyrənmələri və elmi-tədqiqat fəaliyyətlərini müəyyənləşdirmək, Azərbaycan haqqında məlumatlılığı artırmaqdır. Layihə çərçivəsində keçirilən müsabiqələr indiyədək 50-dən çox ölkəni əhatə edib. Bu müsabiqələrin qalibləri olan 500 gəncin Azərbaycana səfərləri təşkil edilir. Müsabiqələrin qalibləri səfər çərçivəsində Azərbaycanın qədim və zəngin mədəniyyəti, tarixi abidələri, milli mətbəxi haqqında müfəssəl məlumat almaq imkanı qazanırlar.
Vurğulanıb ki, Prezident İlham Əliyevin 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamına əsasən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, bu il müsabiqə İslam ölkələrinin gəncləri arasında keçirilib. Müsabiqəyə qatılan gənclər “Heydər Əliyev - Azərbaycan xalqının Ümummilli Lideri”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqları”, “Azərbaycanın iqtisadi inkişafı”, “Azərbaycanın neft və qaz strategiyası”, “Azərbaycanın tarixi, incəsənəti və mədəniyyəti”, “Azərbaycanın əhalisi, dili, adətləri və dini”, “Azərbaycanın beynəlxalq siyasətdəki rolu”, “Azərbaycan və digər ölkələr: tarixi əlaqələr” mövzuları üzrə inşa yazılarını təqdim ediblər.
Sonra mükafatlandırma mərasimi olub və müsabiqənin Albaniya, Bosniya və Herseqovina, İndoneziya, İordaniya, Küveyt, Malayziya, Mərakeş, Misir, Özbəkistan, Pakistan, Qırğızıstan, Qətər, Səudiyyə Ərəbistanı, Tacikistan və Türkiyədən olan qaliblərinə Gənclər və İdman Nazirliyinin xüsusi diplomları və xatirə hədiyyələri təqdim edilib.
Proqrama əsasən, müsəlman ölkələrinin gəncləri Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edəcək, Heydər Əliyev Mərkəzində, “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda, Qala Arxeoloji-Etnoqrafik Muzeyində, Qobustan Tarixi-Etnoqrafik və Bədii Qoruğunda, Milli Azərbaycan Tarixi Muzeyində, Azərbaycan Xalça Muzeyində, İsmayıllıda, Qəbələdə, Şəkidə və digər yerlərdə olacaq ölkəmizin mədəniyyəti, tarixi və adət-ənənələri ilə tanış olacaqlar.
“Mən Azərbaycan haqqında nə bilirəm?” mövzusunda inşa yazı müsabiqələri Gənclər və İdman, Xarici İşlər nazirliklərinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, 2011-ci ildən başlayaraq xarici ölkələrin gəncləri arasında keçirilir.