MƏDƏNİYYƏT
“Mənim günahım” yenidən səhnədə
Bakı, 15 noyabr, AZƏRTAC
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Xalq Yazıçısı İlyas Əfəndiyevin “Mənim günahım” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, səhnə əsəri Xalq Artisti Mərahim Fərzəlibəyovun quruluşunda təqdim edilib.
İkihissəli dramatik və etiraf dolu səhnə əsərinin quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsmayılovdur. Maraqlı səhnə yozumu olan, müasir həyat həqiqətləri və romantik bir sevgi dastanını xatırladan əsərdə əsas rolları Xalq artistləri Məleykə Əsədova, Hacı İsmayılov, Əməkdar artistlər Elşən Rüstəmov, Əjdər Həmidov, Hicran Nəsirova, aktyorlar Elnar Qarayev, Dilarə Nəzərova, Rüstəm Rüstəmov, Ləman İmanova, Cümşüd Zeynalov və Günel İmanova ifa ediblər.
Qeyd edək ki, 1967-ci ildə qələmə alınan pyesin ilk tamaşası elə həmin ildə Əşrəf Quliyevin quruluşunda təqdim olunub. Pyesin motivləri əsasında 1985-ci ildə eyniadlı ekran əsəri də yaradılıb. Yarım əsrlik zaman fasiləsindən sonra Akademik Milli Dram Teatrı yenidən bu pyesə müraciət edib və ilk tamaşa teatrda 2015-ci il martın 14-də səhnəyə qoyulub.