İQTİSADİYYAT
“Mənzilim” monitorinq xidmətinə Bakı Ağ Şəhər ərazisində tikilən 50-ə yaxın bina qoşulub VİDEO
Bakı, 2 fevral AZƏRTAC
“Bakı Ağ Şəhər” layihəsi mənzillərin satışında innovativ xidmət təqdim edib.
“Bakı Ağ Şəhər” –in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda ilk dəfə “Mənzilim” monitorinq xidməti vasitəsilə mənzil sahibləri onlayn rejimdə aldıqları əmlakın məhz onlara məxsus olmasını yoxlamaq, həmçinin daşınmaz əmlakları barədə bütün məlumatları və yenilikləri öyrənmək imkanı əldə ediblər.
“Mənzilim” monitorinq xidməti 3-cü tərəf olan müstəqil monitorinq qrupu tərəfindən həyata keçirilir və daşınmaz əmlakın satışında son zaman yaranan dələduzluq və saxtakarlıq hallarının qarşısını alır.
Fəaliyyət göstərdiyi dövrdə “Mənzilim” monitorinq xidmətinə Bakı Ağ Şəhər ərazisində tikilən 50-ə yaxın bina qoşulub. Xidmət yalnız mənzillər üçün deyil, həmçinin qeyri-yaşayış obyektlərinin sahibləri üçün də fəaliyyət göstərir.
Əmlakın alınmasına dair müqavilə bağlandığı gündən etibarən 30 gün ərzində əmlak sahibinə “Mənzilim” plastik kartı təqdim edilir. Kartın üzərində alıcıya məxsus unikal istifadəçi adı və şifrə yerləşir. İstifadəçi adı alıcının adı, soyadı və atasının adının baş hərfləri və şəxsiyyət vəsiqəsinin FİN kodu əsasında qurulur və bununla da istifadəçi adının unikallığı təmin edilir.
Kartdakı məlumatların məxfiliyini təmin etmək üçün istifadəçi adı və şifrə boya ilə örtülür və monitorinq qrupunun təmsilçisi tərəfindən holoqramla bağlanmış zərfə yerləşdirilir. Daşınmaz əmlak sahibi www.menzilim.bakuwhitecity.com saytına daxil olaraq, istifadəçi adını və şifrəsini qeyd etməklə əmlaka dair bütün məlumatları öyrənə, əmlakın məhz ona məxsus olmasına əmin ola bilər.
Məlumatlar səhifəsi vasitəsilə sahibkarlar həmçinin əmlakları barədə yeni elanlardan xəbər tuta bilərlər.