CƏMİYYƏT
Mərci ürək xəstəlikləri riskini azaldır
Bakı, 7 aprel, AZƏRTAC
Alimlər hesab edirlər ki, mərcinin müntəzəm qəbulu yetkin insanlarda ürək xəstəliyi riskinin aşağı olması ilə əlaqələndirilir. Paxlalılar ailəsinin üzvü olan mərci çox zəngin lif və zülal mənbəyidir. Bundan əlavə, onun tərkibində kalium, dəmir, maqnezium, sink, mis, selen, riboflavin, fosfor, B6 vitamini kimi sağlamlığın qorunması və immun sisteminin fəaliyyəti üçün vacib olan bir sıra maddələr var. AZƏRTAC xəbər verir ki, “Journal of the American Heart Association” jurnalında dərc olunmuş tədqiqata əsasən, “müntəzəm olaraq mərcinin qəbulu böyüklərdə ürək xəstəliklərinə daha az meyilliliklə bağlıdır”.
Həmçinin mərcidə olan birləşmələrin və komponentlərin etdiyi təsirin sayəsində, alimlər bu məhsulun istehlakı ilə nəinki daha az ürək xəstəliyi riskini, həm də digər problemlərdən daha güclü qorunmanı əlaqələndirirlər.
Mərci qəbulunun faydaları: pis xolesterinin səviyyəsini aşağı salır; yorğunluqla mübarizə aparır; xərçəng riskini azaldır; toxluq hissini artırır; şəkərli diabet ehtimalını azaldır, qan təzyiqinin normallaşdırılmasına köməklik edir, qəbizliyin qarşısını alır; çəkiyə nəzarət etməyə, arıqlamağa kömək edir.
Eyni zamanda mütəxəssislər ilkin olaraq mərcini cüzi miqdarda qəbul etməyi məsləhət görürlər. Onun birdəfəyə böyük miqdarda qəbulu qəbizliyə səbəb ola bilər. Bundan başqa bolluca maye içmək də tövsiyə olunur.