DÜNYA
Merilenddə qəzet əməkdaşlarına hücumun səbəbi şəxsi nifrət olub
Bakı, 29 iyun, AZƏRTAC
ABŞ-ın Merilend ştatının Annapolis şəhərində “Capital” qəzetinin ofisinə edilən hücumun səbəbi şəxsi nifrət ola bilər.
AZƏRTAC Interfax informasiya agentliyinə istinadla xəbər verir ki, cinayəti törətməkdə şübhəli bilinən Cerrod Uorren Ramos hələ 2012-ci ildə özünə qarşı böhtan məqalələrə görə nəşrin əməkdaşlarını məhkəməyə vermişdi. 2015-ci ildə uzun sürən bir neçə məhkəmə çəkişməsindən sonra hakimlər məqalələri qanuni, oradakı məlumatları isə faktlara uyğun sayaraq şikayəti rədd etmişdi.
Polisin məlumatına əsasən, Ramos hücumdan əvvəl sosial şəbəkələr vasitəsi ilə qəzetin ünvanına təhdidlər yazıb ki, bu da hadisənin planlı şəkildə törədildiyini göstərir.
Xatırladaq ki, Cerrod Uorren Ramos “Capital” qəzetinin redaksiyasına daxil olaraq qapını bağlayıb, otağa tüstü qumbarası atdıqdan sonra oradakı insanları tüfəngdən atəşə tutub. CBS telekanalının məlumatına əsasən polis izinə düşə bilməsin deyə o, bir müddət öncə barmaq uclarını zədələyib.
Son məlumata görə, hücum nəticəsində 5 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb. İnsident ABŞ tarixində mediaya edilən ən böyük hücum kimi tarixə düşüb.