İQTİSADİYYAT
Mərkəzi Bank müxtəlif hədəf qrupları üçün təlimlər keçirib
Bakı, 5 noyabr, AZƏRTAC
Mərkəzi Bank Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” adlı hədəfinin, həmçinin dövlətimizin başçısının 2018-ci il 26 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı”nın “Rəqəmsal ödənişlər üzrə maarifləndirmə və təbliğatın gücləndirilməsi” istiqamətinin icrası ilə bağlı silsilə tədbirləri davam etdirir.
Mərkəzi Bankdan AZƏRTAC-a bildirilib ki, oktyabr və noyabr aylarında 1100-dək iştirakçı üçün 15 maliyyə maarifləndirici təlim keçirilib. Təlimlərə DOST Agentliyinin könüllüləri, Dövlət Vergi Xidmətinin əməkdaşları, habelə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, Azərbaycan Dövlət İqtisad Universitetinin, Azərbaycan Dövlət Dənizçilik Akademiyasının, İsmayıllı rayon Cülyan kənd orta məktəbinin geniş heyəti cəlb edilib.
“31 oktyabr - Beynəlxalq Əmanət Günü” çərçivəsində isə Milli Qəhrəman M.İbrahimov adına bağça-məktəb lisey kompleksinin kollektivi üçün maliyyə maarifləndirilməsi tədbirləri keçirilib.
Təlimlər zamanı iştirakçılara “Mərkəzi Bankın funksiyaları”, “Rəqəmsal ödənişlər”, “Tədiyə balansı”, “Risk menecment”, “Yığım”, “Şəxsi vəsaitlərin idarə olunması”, “Bank xidmətləri – zaminlik”, ”Məsuliyyətli borclanma” və “Pul nişanlarının mühafizə elementləri” mövzuları tədris olunub, iştirakçıların sualları cavablandırılıb.
İştirakçılara “bizimpullar.az” portalı, “edu.e-cbar.az” virtual təhsil platforması və “axtar.bizimpullar.az” (infobank.az) maliyyə məhsul və xidmətlərinin axtarış sistemi barədə məlumat verilib.
Mərkəzi Bank əhalinin maliyyə bilik və bacarıqlarının artırılmasına yönəlmiş müxtəlif tədbirləri bundan sonra da davam etdirəcək.