İQTİSADİYYAT
Mərkəzi Bankda Qazaxıstan Milli Bankının nümayəndələri üçün təcrübə mübadiləsi keçirilmişdir

Bakı, 29 noyabr (AZƏRTAC). Qazaxıstan nağd pul sferasında Azərbaycanın təcrübəsinə maraq göstərir. Bu məqsədlə Azərbaycan Mərkəzi Bankında (AMB) Qazaxıstan Respublikası Milli Bankının nümayəndə heyəti üçün təcrübə mübadiləsi keçirilmişdir.
Bankın kommunikasiya departamentindən AZƏRTAC-a bildirmişlər ki, AMB-nin baş direktoru Aqşin Vəliyev Mərkəzi Bankda həyata keçirilən “Nağd pul idarəetməsinin ən müasir standartlarının formalaşdırılması” proqramı və bu çərçivədə qəbul olunmuş layihələr, nağd pul sferasında tətbiq olunması nəzərdə tutulan ən mütərəqqi sistem və texnologiyalar barəsində məlumat vermişdir.
Təcrübə mübadiləsi zamanı AMB əməkdaşları tərəfindən nağd pul tədavülünün təşkili və nağd pula tələbin proqnozlaşdırılması sahəsində Nağd Pul Blokunun fəaliyyəti və gələcək hədəfləri barədə də danışılmışdır. Bununla yanaşı, “Pul nişanlarının inkişafı potensialının yaradılması”, “Tam avtomatlaşdırılmış modern Nağd Pul Mərkəzinin (Cash Center) yaradılması”, “Nağd pulun idarə edilməsi üzrə inteqrasiya olunmuş Cash Menecment İnformasiya Sisteminin (CMS) yaradılması”, “Nağd pul idarəetməsinin yeni loqistika modelinin yaradılması” və “Pul nişanlarının ekspertizası üzrə beynəlxalq standartlara əsaslanan biznes proseslərin yaradılması” layihələri barəsində geniş təqdimatlar keçirilmişdir.
Qazaxıstan Milli Bankının əməkdaşları nağd pulun regional idarəetmə sistemləri, beynəlxalq standartlara uyğun regional infrastrukturla praktik tanışlıq məqsədi ilə Azərbaycan Mərkəzi Bankının Yevlax Ehtiyat Mərkəzində olmuşlar.
Nümayəndə heyəti AMB-nin təcrübəsinin faydalı olduğunu vurğulamış, gələcəkdə də təcrübə mübadiləsinin davam etdirilməsinə və müvafiq sahələrdə yardımın göstərilməsinə ümid bəslədiklərini bildirmişlər.