ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxanada Beynəlxalq Kitab Bağışlama Günü qeyd olunub

Bakı, 13 fevral, AZƏRTAC

Fevralın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri açan MEK-in direktoru Leyla İmanova 2020-ci ilin Kitab Bağışlama Gününün devizinin “Kitaba məhəbbəti paylaş” olduğunu bildirib. O, bu əlamətdar gündə rəmzi olaraq kitab formatında, ilboyu isə müxtəlif formatlarda MEK-in ən dəyərli resurslardan biri olan informasiyanın düzgün toplanılmasını, sistemləşdirilməsini, kitabxana istifadəçilərinin sorğularına uyğun təqdim edilməsini, MEK-in müxtəlif formatlarda fondları barəsində məlumatların oxucuların ixtiyarına verilməsini söyləyib. Ötən il 11 mindən çox kitabın müxtəlif təşkilat və qurumlara bağışlandığını qeyd edib. Leyla İmanova, eyni zamanda, MEK-ə təqdim edilən və hədiyyə olunan resurslardan söz açıb. Qeyd edib ki, 2012-ci ildə başlayan ənənə müxtəlif formatlarda, sosial şəbəkələrdə, saytlarda, portallarda işıqlandırılır, ənənə get-gedə genişlənir, kitab hədiyyə etmək niyyəti uşaqlardan başlayaraq böyüklərə istiqamətlənir. Beynəlxalq Kitab Bağışlama Günü 2012-ci il fevralın 14-dən başlayaraq uşaq yazıçıları, bloqqerlər, məşhurlar tərəfindən geniş dəstəklənir və dünyanın bir çox ölkəsində qeyd olunur.

Daha sonra kitabxana-xidmət şöbəsinin müdiri Aygün Səfərova Beynəlxalq Kitab Bağışlama Gününün tarixinə dair məlumat verib, MEK-in kitab bağışlama aksiyalarına aid qısa hesabatını təqdim edib.

Tədbir çərçivəsində MEK-ə də kitablar hədiyyə olunub. Xüsusi təqdimatla AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Teymur Sadıqov çıxış edib. Təqdimatçı ibridən Azərbaycan dilinə tərcümə etdiyi və nəfis formatda nəşr olunmuş “Tövrat”ı MEK-ə hədiyyə edib. O, “Tövrat”ın indiyə qədər orijinal mətni ilə müqayisəli şəkildə tərcüməsinin mövcud olmadığını bildirib. Vurğulayıb ki, akademik səviyyədə yerinə yetirilən bu tərcümədən sonra Azərbaycan şərqşünaslıq elmində yeni müqayisəli mövzular üzrə tədqiqat işlərini davam etdirəcək. “Tövrat”ı ilk dəfə orijinaldan Azərbaycan dilinə tərcümə edən Teymur Sadıqov bildirib ki, bu iş üzərində 5 il çalışıb. Tərcümə zamanı bir çox çətinliklərə baxmayaraq, ibri, türk, ingilis, ərəb və rus dillərini mükəmməl bilməsi tərcüməçinin müxtəlif mənbələrdən istifadə etməsini asanlaşdırıb və problemlərin həllinə imkan yaradıb.

Tədbirdə çıxış edən AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, professor Qəzənfər Paşayev, Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər xanım Cavadlı Azərbaycanda tarixən mövcud olmuş tolerantlıq ənənələrindən və multikultural dəyərlərdən söz açıb, “Tövrat”ın tərcüməsinin bu dəyərlərə böyük töhfə olduğunu bildiriblər. Çıxış edənlər MEK-in təşkil etdiyi, Beynəlxalq Kitab Bağışlama Gününə həsr olunan tədbirin orijinal formatını, həmçinin “Tövrat”ın tərcümə layihəsini yüksək qiymətləndiriblər.

Tədbirdə oxuculara və qonaqlara MEK tərəfindən kitablar hədiyyə olunub.

Qeyd edək ki, oxuculara və qonaqlara hədiyyə olunan kitablar Prezident İlham Əliyev tərəfindən 2004 və 2007-ci illərdə imzalanmış dünya və Azərbaycan müasir və klassik ədəbiyyatının latın qrafikası ilə çap olunmasına dair müvafiq sərəncamları əsasında işıq üzü görüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.