ELM VƏ TƏHSİL
Mərkəzi Elmi Kitabxanada “Şollerin arxivi” bədii filmi nümayiş olunub
Bakı, 19 iyul, P.İmanova, AZƏRTAC
İyulun 19-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Şollerin arxivi” bədii filmi nümayiş olunub.
AZƏRTAC xəbər verir ki, film Prezident İlham Əliyevin “Cənubi Qafqaz regionunda alman məskənlərinin salınmasının 200 illiyi haqqında” 2016-cı il 30 avqust tarixli Sərəncamına əsasən çəkilib.
Tədbirdə filmin ssenari müəllifi, quruluşçu rejissoru və baş prodüseri Cəlaləddin Qasımov bildirib ki, triller janrında çəkilmiş ekran əsərinin rejissoru Adil Qulamov, operatoru Fahir Səmədoğlu, montajçısı Faiq Nağıyevdir. Filmdə Xalq Artisti Sabir Məmmədov, Əməkdar artistlər Əjdər Zeynalov, Şirzad Pirallahı, aktyorlar Rövşən Kərimduxt, Ramiz Vəliyev və başqaları rol alıblar. Süjet xətti ötən əsrin 40-cı illərində Azərbaycanda yaşamış alman mənşəli Şollerlər ailəsinin həyatı üzərində qurulmuş filmin çəkilişləri Gəncə, Xanlar, Tovuz və Bakıda aparılıb. Çəkilişlər fasiləsiz davam edib. Filmdə alman ailəsinin timsalında insan dramı göstərilib, eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması nəzərdən qaçmayıb. Filmdə baş verən hadisələr real həyatdan götürülüb.
Sonra filmin rejissoru Adil Qulamov, Əməkdar Artist Əjdər Zeynalov və digər çıxış edənlər ekran əsərinin süjet xətti, çəkiliş prosesi və baş verən hadisələrdən söz açıblar.
Bir neçə beynəlxalq festivala da təqdim edilən film Kanada Beynəlxalq Film Festivalının kubokunu qazanıb.