ELM VƏ TƏHSİL
Metodik Dəstək Mərkəzinin əməkdaşlarının regionlarda metodistlərlə görüşləri davam edir
Bakı, 10 sentyabr, AZƏRTAC
Təhsil İnstitutunun Metodik Dəstək Mərkəzinin (MDM) əməkdaşları regionlarda metodik xidmətin mövcud vəziyyətinin öyrənilməsi, metodik kabinet müdirləri və metodistlərlə tanışlıq məqsədilə bölgələrə səfərlərini davam etdirir.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, növbəti görüşlər Zərdab, Gəncə, Kəlbəcər, Sumqayıt şəhər və rayonları üzrə metodik kabinetlərin əməkdaşları ilə təşkil olunub.
MDM-in əməkdaşları həmin rayon və şəhərlər üzrə 50 nəfərdən artıq metodik kabinet əməkdaşı ilə fərdi şəkildə görüşüb, elektron təqdimatlarla tanış olublar.
Görüşlərdə metodistlərin müxtəlif məzmunda sualları cavablandırılıb, təklif və ehtiyacları öyrənilib.
MDM tərəfindən bu formatda görüşlərin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.