İQTİSADİYYAT
Metroda Novruz şənliyi keçirilib
Bahar qızı, Keçəl və Kosanın metropoliten macəraları
Bakı, 19 mart, AZƏRTAC
Bakı metropolitenində Novruz bayramının əsas şənlik proqramı qədim tarixi olan İçərişəhərin qoynunda yerləşən “İçərişəhər” stansiyasında bayram qəhrəmanlarının iştirakı ilə təşkil edilib.
AZƏRTAC xəbər verir ki, xüsusi qurulmuş Novruz tərtibatlı səhnədə milli xalq tamaşasının personajları olan Bahar qız, xüsusən də yazın qışla mübarizəsini rəmzləşdirən Keçəl və Kosanın, eləcə də digər nağıl qəhrəmanlarının iştirakı ilə şən səhnəciklər, şeirlər, zarafatlar, sorğu-suallar, dadlı-duzlu söhbətlər, təkcə kiçikyaşlı sərnişinlərə deyil, böyüklərə də xoş anlar bəxş edib.
Dünya İllüziyaçılar Assosiasiyasının üzvü Anar Əliyev sehrbazlıq proqramı ilə bayram tamaşasına rəngarənglik gətirib.
Sirk ustalarının nömrələri və uşaqların sifarişi ilə şarlardan hazırlanan fiqurlar stansiyanın vestibülündə bayram ovqatını daha da yüksəldib.
Nəhəng nağıl personajları da uşaqları əyləndirib, onların xatirə dünyasının bir parçasına çevrilib.
Sərnişinlər Bahar qızı, Keçəl və Kosanın müşayiəti ilə stansiya yolunda nümayiş etdirilən retro vaqonların salonunda şəkillər çəkdiriblər.
Tədbir boyunca azyaşlı sərnişinlərə Novruz hədiyyələri paylanılıb.
Novruz qəhrəmanlarının şou proqramı martın 20-də də eyni qaydada təşkil ediləcək.