REGİONLAR
Meyxana məclisi təşkil edənlər cərimələniblər
Lənkəran, 26 aprel, Bağır Əliyev, AZƏRTAC
Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən COVID-19 pandemiyası ilə mübarizə məqsədilə ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinin təmin edilməsi, koronavirus infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə nəzarət–profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə rayonun Darquba kəndində yerləşən “Armudluq” restoranında axşam saatlarında meyxana məclisinin keçirildiyi, Rvo kəndində yerləşən çayxananın isə gecə saat 00:00-dan sonra fəaliyyət göstərdiyi müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin obyektlərlə bağlı ümumilikdə 16 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə protokol tərtib olunub.