ELM VƏ TƏHSİL
Mikrobiologiya İnstitutunun alimlərinin ixtirası kommersiyalaşdırılıb
Bakı, 13 mart, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkının (YT Park) direktoru Nazim Şükürov və Mikrobiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, AMEA-nın müxbir üzvü Pənah Muradov “Göbələk mənşəli bioloji aktiv maddələr” adlı elmi-tədqiqat işinin nəticələrinin kommersiyalaşdırılması məqsədilə müzakirələr aparıblar.
AMEA-dan AZƏRTAC-a bildirilib ki, müzakirələr nəticəsində P.Muradovun innovativ ideyası olan göbələk mənşəli bioloji aktiv maddələrin YT Park tərəfindən xüsusi 3 kiloqramlıq kağız kisələrdə qablaşdırılması istiqamətində işlərə start verilib.
İki ay davam edən hazırlıq işlərindən sonra bioloji aktiv maddələr Mikrobiologiya İnstitutunun laboratoriyasında YT Park tərəfindən hazırlanmış xüsusi 3 kiloqramlıq kağız kisəyə doldurulub.
Qablaşdırma işləri P.Muradovun və YT Parkın əməkdaşları - Fikrət Qaibov, Seymur Sadıqov və Elşən Əliyevin iştirakı ilə həyata keçirilib.
Qeyd edək ki, məhsul Kənd Təsərrüfatı Nazirliyinin Baytarlıq Elmi-Tədqiqat İnstitutunda sınaqların həyata keçirilməsi üçün qablaşdırılıb.