ELM VƏ TƏHSİL


Milli Azərbaycan Tarixi Muzeyində görkəmli pedaqoq Nazlı Nəcəfovaya aid fotoneqativ qorunur

Bakı, 3 iyun, AZƏRTAC

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Neqativ fondunda Naxçıvanda qızlar məktəbinin yaradıcısı Nazlı (Tahirova) Nəcəfovaya (1890-1977) məxsus fotoşəklin neqativi saxlanılır.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib. Bildirilib ki, Nazlı Tahirovanın babası və ulu babası Naxçıvan xanlarının vəziri olublar, özü ana xətti ilə məşhur Kəngərlilər nəslindəndir. O, Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin ilk məzunlarından оlub. İrəvanda azərbaycanlı oğlanlar üçün məktəbdə qızlara ayrıca sinfin açılması Nazlı Nəcəfovanın cəmiyyətdəki müsəlman qızlarını maarifləndirmək istiqamətində ilk cəhdi olub. Lakin bu, cəmiyyətin ən çılğın üzvlərinin çox sərt münasibətinə səbəb olub. Gənc müəllimə qarşı ciddi hədələr onu məvacibinin təxminən yarısını mühafizəçilərə ödəməyə vadar etmişdi. Digər məşhur maarifçi qadın Ayna Sultanovanın köməyilə Naxçıvanda bir sıra qadın klubları, bunun ardınca isə yerli müəllimlər üçün hazırlıq məktəbində qızlar üçün xüsusi bölmə və qızlar məktəbi təsis olunmuşdu.

Məktəbdə çalışan N.Nəcəfova teatr rejissoru Rza Təhmasibin köməyilə şagirdlərdən ibarət dram dərnəyi yaradıb. 1921-ci ildə o, Azərbaycanın məşhur dram əsərlərinin əksəriyyətinin tamaşaya qoyulduğu Naxçıvanda ilk özfəaliyyət qızlar teatrının təsis edilməsinə müvəffəq olub.

Qeyd edilib ki, həyat yoldaşı Nəcəfqulu Nəcəfov onun maarifçilik ideyalarının həyata keçirilməsinə dəstək göstərirdi. Sovet dövründə pedaqoji fəaliyyətlə məşğul olan Nazlı Nəcəfova 1930-cu illərdə Azərbaycanın bir çox maarifçi ziyalıları kimi repressiya məruz qalır, həyat yoldaşı həbs edilir. 1942-ci ildə Nazlı Nəcəfova da “xalq düşməninin həyat yoldaşı” kimi Qazaxıstana sürgün edilir. Orada ailəni dolandırmaq üçün fəhlə briqadasında işləməklə yanaşı, pedaqoji fəaliyyətini bərpa edir. Sonralar Azərbaycana qayıda bilsə də, ona doğma Naxçıvanda qalmağa icazə verilmir. Həmin ərəfədə Göyçay rayonunda Azərbaycan və rus dilləri üzrə tanınmış müəllimlərdən biri sayılan N.Nəcəfova sonralar Naxçıvanda da işləyib, Əməkdar müəllim adına layiq görülüb. Onun muzeydə qorunan fotoneqativi təhsil tariximizin tədqiqi və təbliği baxımından böyük əhəmiyyət daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.