MƏDƏNİYYƏT


Milli Kitabxanada Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərgi açılıb

Bakı, 1 dekabr, AZƏRTAC

Dekabrın 1-də M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Bəstəkarlar İttifaqının birgə təşkilatçılığı ilə Tofiq Bakıxanovun nəşr olunmuş əsərlərindən ibarət sərginin açılışı olub.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, açılış mərasimi Xalq artisti, görkəmli bəstəkar, “Şöhrət” və “Şərəf” ordenli, professor Tofiq Bakıxanovun 90 illik yubileyinə həsr olunmuş Musiqi Festivalı çərçivəsində baş tutub.

Əvvəlcə dünən baş verən hərbi helikopter qəzasında həlak olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Milli Kitabxananın direktoru, professor Kərim Tahirov bildirib ki, Azərbaycan xalqı 30 il ərzində belə hadisələrlə çox rastlaşıb, lakin yenilmədən möhkəmlik göstərərək ön cəbhədə mübarizəsini aparıb. Bunun nəticəsidir ki, ötən il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu 44 günlük müharibə nəticəsində erməni işğalı altında olan Qarabağı azad edib.

Sonra direktor Xalq artisti Tofiq Bakıxanovun zəngin yaradıcılığı, əsərləri haqqında məlumat verib. Bildirib ki, Tofiq Bakıxanov əsərləri ilə Azərbaycan musiqisinə, incəsənətinə saysız-hesabsız incilər bəxş edib. Onun “Nəva”, “Humayun”, “Rahab”, “Şahnaz”, “Dügah” simfonik muğamları ilə yanaşı, digər əsərləri də musiqi mədəniyyətimizin tarixində özünəməxsus yer tutub. Tofiq Bakıxanovun əsərləri təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə səslənir. O, Tofiq müəllimə möhkəm cansağlığı, həmişə gümrah olmasını və yeni yaradıcılıq uğurları arzulayıb.

Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Zemfira Qafarova deyib: “Bəstəkarlar İttifaqı olaraq biz fəxr edirik ki, belə bəstəkarlarımız var. Tofiq Bakıxanov operadan başqa bütün janrlarda əsərlər yaradıb. O, ilk dəfə olaraq birpərdəli Xəzər balladasını bəstələyib”. Z.Qafarova görkəmli bəstəkarın yaradıcılığı haqqında yazılan ilk kitabın müəllifi olduğunu da iştirakçıların nəzərinə çatdırıb.

Bəstəkarlar İttifaqının məsul katibi, professor Cəmilə Həsənova bildirib ki, Tofiq Bakıxanov Abbasqulu ağa Bakıxanovun yaradıcılığına müraciət edərək çoxsaylı romanslar bəstələyib.

Sonda bəstəkar özünün geniş yaradıcılıq yolundan bəhs edib və tədbirin belə yüksək təşkil edilməsinə görə Milli Kitabxana rəhbərliyinə dərin minnətdarlığını bildirib.

Qeyd edək ki, Milli Kitabxananın əməkdaşları tərəfindən “Görkəmli bəstəkar Tofiq Bakıxanov” (http://anl.az/el/vsb/Gorkemli_bestekar_Tofiq_Bakixanov/index.htm) adlı virtual sərgi hazırlanıb. Virtual sərgidə dahi bəstəkar haqqında Azərbaycanın görkəmli şəxsiyyətlərinin fikirləri, müəllifi olduğu kitablar, eləcə də həyat və yaradıcılığına dair kitablar, məqalələr, fotolar nümayiş olunur.

Sonra qonaqlar geniş kitab sərgisi ilə tanış olublar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.