SİYASƏT


Milli Məclisin deputatının itkin düşmüş 4 minə qədər azərbaycanlı ilə bağlı AŞPA-dakı çıxışı yazılı şəkildə parlamentarilərə təqdim olunub

Strasburq, 27 yanvar, AZƏRTAC

Azərbaycan həbsxanalarında Ermənistan vətəndaşı olan dustaqlar var. Onlar 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra Azərbaycan ərazisində əllərində silah saxlanılıblar. Onların bəziləri Azərbaycan torpaqlarının uzun müddət davam edən işğalında döyüşçü kimi iştirak edərək, ölkəmizin ərazisində cinayətlər, o cümlədən qətllər törədiblər. Onlardan daha yüngül cinayət törədənlər bir sıra ölkələrin diplomatik səyləri nəticəsində Ermənistana qaytarılıb. Onlar Ermənistanda da həbsdədirlər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Nigar Arpadarai qurumun qış sessiyasının 8-ci seansında “Avropa Şurası ərazisində məcburi itkin düşmələrə son qoymaq” adlı müzakirələr zamanı çıxışında ifadə edib. Çıxış avropalı parlamentarilərə yazılı şəkildə təqdim olunub. Ölkəmizdə həbsdə olan ermənilərin müharibə əsiri olmadıqlarını diqqətə çatdıran N.Arpadarai bildirib ki, üçtərəfli Bəyanatdan sonra Azərbaycan torpaqlarında cinayətlər törətmək planı olan bu şəxslər əllərində silah özləri təslim olublar. Onlar itkin düşmüşlər siyahısında yer almırlar, törərdikləri cinayətin cəzasını çəkirlər və milli qanunvericiliyimizə uyğun olaraq vaxtı çatanda azad ediləcəklər.

“Ancaq Birinci Qarabağ müharibəsi zamanı 4 minə qədər azərbaycanlı itkin düşüb, 267 nəfər Ermənistan tərəfindən girov götürülüb və bu günə qədər azad edilməyiblər.

Erməni işğalçılarının Xocalı şəhərini işğal edərkən törətdikləri qırğın zamanı 600-dən çox mülki azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. Bu günə qədər 36-sı uşaq, 65-i qadın olmaqla, itkin düşmüş 200 Xocalı sakini haqqında Ermənistan hələ də məlumat verməyib. Erməni hərbçilərinin törətdiyi Xocalı qətliamı insanlığa qarşı ən ağır cinayətlərdəndir və bu, Ermənistan tarixində ən utancverici səhifə kimi qalacaq”, - deyə azərbaycanlı deputat qeyd edib.

O xatırladıb ki, Qarabağ müharibələri Azərbaycan ərazisində baş verib. Birinci Qarabağ müharibəsi 30 illik işğal və azərbaycanlılara qarşı etnik təmizləmə ilə nəticələnib. Bildirib ki, AŞPA Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı zamanı və yuxarıda xatırladılan itkin düşmüş minlərlə Azərbaycan vətəndaşının axtarışı üçün, eləcə də Ermənistan silahlı qüvvələrinin Azərbaycanda olduğunu inkar edəndə heç nə etməyib. Artıq 30 ildir dörd minə qədər azərbaycanlı itkin düşüb. Onların yaxınlarının ümidi də itib.

Azərbaycanlı deputat bu baxımdan məruzədə göstərilən istinadların artıq aktuallığını itirdiyini və tam olmadığını qeyd edib.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Strasburq

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.