SİYASƏT
Milli Məclisin intizam komissiyasının iclası keçirilib
Bakı, 27 dekabr, AZƏRTAC
Dekabrın 27-də Milli Məclisin sədri Oqtay Əsədovun tapşırığı ilə parlamentin intizam komissiyasının iclası keçirilib.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclası açan komissiya sədri Ağacan Abıyev deputat Astan Şahverdiyevin dekabrın 23-də “Azadlıq” radiosuna verdiyi müsahibənin kütləvi informasiya vasitələrində və ictimaiyyətdə geniş rezonans doğurduğunu söyləyib.
Bildirilib ki, deputatın məlum çıxışı cəmiyyətin əksər üzvləri tərəfindən birmənalı qarşılanmayıb. Müsahibədə işlədilən bir sıra ifadələr onların heysiyyətinə toxunub. Komissiyanın sədri qeyd edib ki, “Deputatın statusu haqqında” Qanuna görə, millət vəkilləri söylədikləri fikirlərə görə məsuliyyət daşımasalar da, hər bir insanın daxili məsuliyyəti də var. Millətin ayrı-ayrı üzvləri, o cümlədən xaricdə yaşayan nümayəndələri barədə qeyri-etik ifadələrdən istifadə olunması qətiyyən yolverilməzdir.
İclasda çıxış edən Astan Şahverdiyev bu məsələ ilə əlaqədar mətbuata açıqlama verərək səhvini başa düşdüyünü, ölkə daxilində, xaricdə yaşayan bütün azərbaycanlılardan, xalqdan üzr istədiyini söyləyib.
İntizam komissiyasının bütün üzvləri çıxış edərək deputat Astan Şahverdiyevin adıçəkilən müsahibəsi ilə əlaqədar son vaxtlar mətbu orqanlarda gedən yazılara öz fikirlərini açıqlayaraq, millət vəkilinin müsahibəsində işlətdiyi ifadələrin qəbuledilməz olduğunu bildiriblər.
İclasın sonunda intizam komissiyasının adından deputata tövsiyə olunub ki, o, gələcəkdə belə məsələlərlə əlaqədar fikir bildirdikdə məsuliyyətli olsun və müsahibəsində işlətdiyi ifadələrə görə xalqdan üzr istəsin.
Astan Şahverdiyev deputatlar tərəfindən səslənən irad və fikirləri, intizam komissiyasının qərarını qəbul edərək bu hərəkətinə görə ölkə daxilində və xaricində yaşayan azərbaycanlılardan, xalqdan bir daha üzr istədiyini ifadə edib və gələcəkdə belə hərəkətlərə yol verməyəcəyini vurğulayıb.