CƏMİYYƏT


Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib

Bakı, 18 yanvar, AZƏRTAC

Milli Məclisin səhiyyə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə 1990-cı ilin Qanlı 20 Yanvar faciəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra parlamentin 2018-ci il payız sessiyası dövründə səhiyyə komitəsində görülmüş işlərin hesabatı təqdim olunub. Bu barədə geniş məlumat verən komitə sədri Əhliman Əmiraslanov qeyd edib ki, ötən sessiyada komitə çox məhsuldar işləyib. 10 iclasda 15 məsələ müzakirədən keçib. Onlardan 7-si qanun layihəsi olub. Mühüm əhəmiyyət daşıyan həmin qanun layihələri, o cümlədən cəmiyyətin sosial sifarişi olan “Psixoloji yardım haqqında” və tam yenilənmiş “Tibbi sığorta haqqında” qanun layihələri parlamentdə qəbul edilib.

Sonra iclasda 2019-cu ilin yaz sessiyası üçün nəzərdə tutulmuş qanunvericilik işləri planı müzakirə olunub. Bildirilib ki, Azərbaycan Prezidentinin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim edəcəyi qanun layihələri ilə yanaşı, səhiyyə komitəsində bir sıra vacib qanunların da müzakirəyə çıxarılması nəzərdə tutulur. Bunlar “Reproduktiv sağlamlıq haqqında”, “İnsan orqanlarının donorluğu və transplantasiyası haqqında”, “Optika və optikaçılıq haqqında” qanun layihələridir. Yaz sessiyasında “Onkoloji xəstələrə tibbi yardımın vəziyyəti və perspektivləri” mövzusunda dinləmə keçirilməsi də nəzərdə tutulur.

Müzakirə zamanı komitə üzvləri ötən sessiyada görülmüş işləri təqdirəlayiq hesab ediblər, səhiyyənin vacib problemlərini önə çəkərək bir sıra təkliflər irəli sürüblər.

İclasda gündəlikdəki üçüncü məsələyə də müsbət münasibət bildirilib. “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə” qanun layihəsi də Milli Məclisin plenar iclasına tövsiyə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.