REGİONLAR
Milli Oftalmologiya Mərkəzi Sumqayıtda humanitar aksiya keçirib VİDEO
Sumqayıt, 7 may, Ətrabə Rzayeva, AZƏRTAC
Sumqayıtda ənənəvi olaraq hər il olduğu kimi, bu il də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə akademik Zərifə Əliyeva adına Respublika Milli Oftalmologiya Mərkəzi və Sumqayıt şəhər Səhiyyə Şöbəsinin birgə təşkilatçılığı ilə humanitar aksiya keçirilib.
AZƏRTAC xəbər verir ki, Sumqayıt şəhər Səhiyyə Şöbəsinin həyətində Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının həkim briqadası tərəfindən həyata keçirilən humanitar aksiyada Oftalmologiya Mərkəzinin təcrübəli həkim briqadası və mütəxəssisləri göz xəstəliklərindən əziyyət çəkən aztəminatlı insanlarda xəstəlikləri vaxtında aşkarlamaq məqsədi ilə əhaliyə tibbi yardım göstəriblər. Müraciət edən şəhər sakinləri Milli Oftalmologiya Mərkəzinin yüksək ixtisaslı həkim briqadası tərəfindən müayinələrdən keçirilib.
Səyyar klinikada müayinə və cərrahi əməliyyatın aparılması üçün yüksək dərəcədə steril olan cərrahi otaq, geniş imkanlara malik müasir diaqnostik və cərrahi avadanlıq, o cümlədən kataraktanın ekstraksiyasının həyata keçirilməsinə imkan verən xüsusi aparat var. Ehtiyacı olan xəstələr Milli Oftalmologiya Mərkəzinə daha dərin müayinə və müalicə üçün göndərilib.
İki gün davam edən aksiya zamanı Milli Oftalmologiya Mərkəzinin müvafiq tibbi avadanlıqlarla təchiz olunmuş səyyar mobil diaqnostika kompleksində 300-ə yaxın şəhər sakini tibbi müayinədən keçib. Bununla yanaşı, ixtisaslaşmış həkim briqadası tərəfindən katarakta diaqnozu ilə 15 cərrahi əməliyyat aparılıb, 22 nəfər Milli Oftalmologiya Mərkəzinə müayinəyə göndərilib.