ELM VƏ TƏHSİL
“Milli təhsilimizin bünövrəsi: Qazax müəllimlər seminariyası” mövzusunda elmi-praktik konfrans keçirilib
Bakı, 13 aprel, AZƏRTAC
Aprelin 13-də Azərbaycanda Atatürk Mərkəzində “Milli təhsilimizin bünövrəsi: Qazax müəllimlər seminariyası” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir Azərbaycan Respublikası Prezidentinin “Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası çərçivəsində “Qazax” Xeyriyyə İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb. Konfransda, həmçinin tanınmış publisist və naşir, Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü Şəmistan Nəzirlinin “Qoridən gələn qatar” kitabının təkrar nəşrinin təqdimatı olub.
AZƏRTAC xəbər verir ki, Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, akademik Nizami Cəfərovun sədrliyi ilə keçən konfransı “Qazax” Xeyriyyə İctimai Birliyinin idarə heyətinin sədri, professor İlham Pirməmmədov açıb. O, tədbir iştirakçılarına Qazax müəllimlər seminariyasının yaradılmasının 100-cü ildönümünün layiqincə qeyd olunmasını təmin etmək məqsədilə dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncamın əhəmiyyətini vurğulayıb. İ.Pirməmmədov qeyd edib ki, görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr verib. Respublikanın bölgələri ilə yanaşı, qonşu ölkələr üçün də illər boyu yüksəkixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar var.
“Qoridən gələn qatar” kitabının müəllifi Şəmistan Nəzirli konfrans iştirakçılarına nəşr haqqında ətraflı məlumat verib. Bildirib ki, kitabda fədakar müəllim, tələbələrin sevimlisi, maarifçi, 1918-ci ildə min bir əziyyətlə seminariyanı Qoridən Azərbaycana köçürən Firidun bəy Köçərlinin gənclərimizin savadlanması yolunda çəkdiyi əziyyətlər, o cümlədən 1920-ci ilin iyun ayında bolşevik-daşnaklar tərəfindən ədibin haqsız güllələnməsi ilk dəfə olaraq sənədlər əsasında qələmə alınıb.
Konfransda çıxış edən Xalq şairi Nəriman Həsənzadə, akademik Hüseyn Əhmədov, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov, tədqiqatçı Fərrux Rüstəmov, araşdırmaçı-alim Məti Osmanoğlu, Firidun bəy Köçərlinin tədqiqatçısı Pərixanım Mikayılova Qazax müəllimlər seminariyasının tarixindən, onun müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə qoyduğu zəngin irsdən, seminariyanın Azərbaycan təhsili, ədəbi-mədəni mühiti üçün yetişdirdiyi ziyalılardan bəhs ediblər.