REGİONLAR


Mingəçevir Dövlət Universiteti Almaniyanın Siegen Universiteti ilə birgə layihə reallaşdıracaq

Mingəçevir, 25 sentyabr, Rauf Hacıyev, AZƏRTAC

Almaniya Xarici İşlər Nazirliyi Mingəçevir Dövlət Universiteti (MDU) və Siegen Universiteti tərəfindən hazırlanmış birgə layihənin maliyyələşdirilməsinə razılıq verib.

Universitetin Mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Sahibkarlıq bacarıqlarının inkişaf etdirilməsi” mövzusunda təlimlərin keçirilməsini nəzərdə tutan layihə cari ilin oktyabr-dekabr aylarında icra ediləcək.

Siegen Universitetinin professor-müəllim heyəti və Almaniyanın uğurlu sahibkarlıq təcrübəsi olan iş adamları tərəfindən keçiriləcək təlimlərdə MDU-nun tələbə, magistrant və məzunlarının, eləcə də gələcəkdə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmağı arzulayan Mingəçevir gənclərinin iştirakı nəzərdə tutulur. Təlimlər sahibkarlıq, biznes-planların hazırlanması, startapların yaradılması, maliyyə mənbələrinə çıxış yolları və digər mövzuları üzrə aparılacaq. Təlim iştirakçılarının praktiki bacarıqlarını artırmaq, işgüzar oyunlarda iştirak etmək və ideyalarını biznesə çevirmək imkanları olacaq.

Regional eko-sistemin inkişafına töhfə verməyi hədəfləyən layihə çərçivəsində təşkil olunan təlimlərə biznesdə uğur qazanmış bir neçə yerli sahibkar, qonaq məruzəçi qismində cəlb ediləcək. Sonda ən yaxşı təqdimat və biznes-planlar hazırlayan təlim iştirakçıları öz startaplarını yaratmaq üçün layihə büdcəsi hesabına pul mükafatları alacaqlar.

Bundan əlavə, layihə çərçivəsində Siegen Universitetinin sahibkarlıq təhsili sahəsindəki müsbət təcrübəsi ilə tanış olmaq üçün MDU-nun iki əməkdaşının bir ay müddətində Almaniyada təlimdə iştirak etməsi nəzərdə tutulur.

Mövcud şərtlər nəzərə alınmaqla, ilkin mərhələdə layihə onlayn formatda icra ediləcək.

Layihə tərəfdaşlarının ilk virtual görüşü sentyabrın 25-də “ZOOM” platforması üzərindən keçirilib. MDU-nun rektoru Şahin Bayramovun, Siegen Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin kafedra müdiri Petra Muqun və hər iki universitetin əməkdaşlarının iştirakı ilə keçirilən görüşdə layihənin tərəfdaşlar arasında qarşılıqlı faydalı əməkdaşlığın inkişafında mühüm rol oynayacağına əminlik ifadə edilib.

Qeyd edilib ki, yeni dövrün tələblərinə uyğun olaraq sürətlə modernləşən MDU qarşısına qoyduğu hədəflərə çatmaq üçün yerli və xarici universitetlərlə əməkdaşlığın inkişafına mühüm əhəmiyyət verir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.