CƏMİYYƏT
Minlərlə vətəndaşı saxta məlumatlar əsasında icazə portalında qeydiyyatdan keçirən iki MMC rəhbəri saxlanılıb VİDEO
Bakı, 9 yanvar, AZƏRTAC
Ölkə ərazisində elan olunan xüsusi karantin rejiminin pozulması hallarına qarşı dövlət orqanları tərəfindən qətiyyətli tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, saxta məlumatlar və sənədlər əsasında ayrı-ayrı vətəndaşları “icazə.e-gov.az” portalında qeydiyyatdan keçirməklə onlara ölkə ərazisində xüsusi karantin postlarından qanunsuz olaraq sərbəst keçmələrinə şərait yaradan şəxslər DİN və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti əməkdaşlarının birgə keçirdikləri tədbirlər nəticəsində saxlanılıblar. Əməliyyat zamanı həmin şirkətlərdən birinin təsisçisi və direktoru olan Bakı şəhər sakini Səməd Hüseynzadənin 1000 nəfərdən artıq vətəndaşın karantin postlarından sərbəst hərəkət etmələri üçün onları öz şirkətinə pul müqabilində qanunsuz olaraq işə götürməsi müəyyən edilib.
Həmin iki dövlət qurumunun əməkdaşları tərəfindən birgə keçirilən daha bir analoji tədbir zamanı isə digər MMC-nin təsisçisi və direktoru olan Amil Əhmədov da saxlanılıb. Araşdırma zamanı onun saxta məlumatlar və sənədlər əsasında çoxsaylı vətəndaşları icazə portalında guya özünə məxsus şirkətdə işlədiklərinə dair qeydiyyatdan keçirdiyi məlum olub. Bununla da Amil Əhmədov həmin şəxslərə ölkə ərazisində xüsusi karantin postlarından sərbəst keçmələrinə qanunsuz şərait yaradıb.
Araşdırma zamanı qanunsuz qeydiyyatdan keçən şəxslərin heç birinin portalda göstərilən işlərlə məşğul olmadığı müəyyən edilib və onların icazələri ləğv olunub.
Faktlarla əlaqədar Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işləri başlanıb. MMC-lərin direktorları Səməd Hüseynzadə və Amil Əhmədov barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbirləri seçilib. Müvafiq araşdırmalar və əməliyyat-axtarış tədbirləri davam etdirilir.