İDMAN
“Minsk 2019” : Sərbəst güləşçimiz Hacı Əliyev erməni idmançını mübarizədən kənarlaşdırıb
Minsk, 26 iyun, AZƏRTAC
Minskdə keçirilən ikinci Avropa Oyunlarında sərbəst güləş üzrə üçqat dünya çempionumuz Hacı Əliyev ilk görüşündə Ermənistan idmançısı Volodya Franqulyanla qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, dünya və Avropa çempionumuz rəqibi üzərində 6:0 hesabı ilə inamlı qələbə qazanıb.
Bundan başqa, 74 kiloqram çəki dərəcəsində çıxış edən Hacımurad Hacıyev Yunanıstandan olan rəqibinə 10:3 hesabı ilə qalib gələrək bürünc medal uğrunda yarışa vəsiqə qazanıb. Onun rəqibi ukraynalı Vasili Mixaylov olacaq.
Qeyd edək ki, axşam saatlarında keçiriləcək görüşlərdə Hacımurad Hacıyevdən başqa, Mahir Əmiraslanov (-57 kq), Aleksandr Qostiyev (-86 kq) və Camaləddin Məhəmmədov (-125 kq) da medal qazanmaq üçün döşək üzərinə çıxacaqlar. Mahir Əmiraslanov qızıl, digər idmançılarımız isə bürünc medal uğrunda mübarizə aparacaqlar.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk