İDMAN
“Minsk 2019”un atıcılıq obyektlərinin yarışlara hazırlığı yüksək qiymətləndirilib
Bakı, 14 fevral, AZƏRTAC
Avropa Atıcılıq Konfederasiyasının (ESC) texniki nümayəndələrinin ikinci Avropa Oyunlarının güllə və stend atıcılığı üzrə idman yarışlarının keçiriləcəyi arenaların hazırlığı ilə bağlı Minskə yoxlama səfəri başa çatıb.
AZƏRTAC Oyunların rəsmi saytına istinadla xəbər verir ki, texniki nümayəndə Petros Kuritsisin diqqət mərkəzində stend atıcılığı üzrə yarışların keçiriləcəyi idman atıcılıq kompleksi - “Sporting Club” olub.
Güllə atıcılığı üzrə yarışların təşkil olunacağı kompleksin hazırlığını isə inspektor Vilyem Xaver Qrill yoxlayıb. Obyektlərin yarışlara 90 faiz hazır olduğunu bildirən texniki nümayəndə qeyd edib ki, yalnız infrastrukturun bir hissəsi təkmilləşdirilməlidir.
Sonda hazırlıqla bağlı digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, ikinci Avropa Oyunlarında 208 idmançı 13 dəst medal uğrunda mübarizə aparacaq. Stend atıcıları (122 idmançı) isə 6 dəst medal uğrunda yarışacaqlar.