CƏMİYYƏT
Mirhəsən Seyidov: Prezident İlham Əliyevin gənclik illərindən danışması bizə böyük stimul verdi
Bakı, 2 fevral, AZƏRTAC
Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirilir. Gənc kadrların yüksək vəzifələrə təyin olunması, istedadlı gənclərimizin ölkəmizdə və xaricdə qazandıqları nailiyyətlər, Azərbaycanı uğurla təmsil etməsi məhz uğurlu dövlət gənclər siyasətinin bariz nümunəsidir.
Bunu “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə AZƏRTAC-a açıqlamasında deyib.
M.Seyidov bildirib ki, Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Azərbaycan Gəncləri Gününə həsr olunan respublika toplantısında iştirakı, dövlətimizin başçısının gənclik illəri ilə bağlı xatirələrini bölüşməsi gənclərə böyük stimul verdi. Prezident İlham Əliyev Azərbaycanın ən çətin dövrlərində ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən, gənclərə ali diqqət və qayğısından danışdı. Görüşdə dövlətimizin başçısı ölkə gəncliyinin fəaliyyətini yüksək qiymətləndirdiyini bir daha nümayiş etdirdi, bu gün Azərbaycan gənclərinin hansı mövqedə dayanmalı olduqlarını izah etdi. Prezident İlham Əliyev xüsusilə çətin qazanılan müstəqilliyin qorunmasının hər bir gəncimizin şərəfli vəzifəsi olduğunu bir daha diqqətə çatdırdı.
“Əlbəttə, gənc olmaq, gənclik illərini sabit, güclü və qüdrətli ölkədə qayğısız yaşamaq hər bir gəncin arzusudur. Bu gün Azərbaycanda gənclərə göstərilən yüksək diqqət və qayğı, onların inkişafına verilən dəstək, yaradılan şərait dövlətimizin başçısının yürütdüyü uğurlu gənclər siyasətinin nəticəsidir. Danılmaz faktdır ki, Azərbaycan Prezidenti İlham Əliyev gənclər siyasətini uğurla həyata keçirir və bunun nəticəsində mühüm uğurlar qazanılır. Bu gün hər bir azərbaycanlı gənclərimizin uğurları ilə öyünür və qürur duyur. Bütün bunlar dövlətimizin başçısının gənclərə inamından irəli gəlir. “İrəli” gənclər təşkilatı olaraq daim Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləyir, bu şərəfli yolda ölkəmizin maraqlarının qorunmasına mühüm töhfə verir. Gənclər təşkilatı olaraq daim gənclərimizin yanında olub, onların nümunəvi vətəndaş kimi formalaşmasına dəstək veririk. “İrəli” İctimai Birliyi yarandığı gündən minlərlə gəncin diqqətini həyata keçirdiyi layihələrə yönəldib”, - deyə İctimai Birliyin sədri deyib.
M.Seyidov vurğulayıb ki, son illər Azərbaycan gənclərinin xarici ölkələrdə qazandığı uğurlar bir daha sübut edir ki, ölkəmizin parlaq gələcəyi var. Daim gənclərə dəstək olan ümummilli lider Heydər Əliyevin uğurlu siyasətinin davamçısı Prezident İlham Əliyev gənclərə dəstək siyasətini davam etdirir. Bu da Azərbaycanın beynəlxalq müstəvidə tanınmasına gətirib çıxarır. Son illər ölkəmizdə tikilən Olimpiya İdman kompleksləri, Gənclər evləri və mərkəzləri bir daha sübut edir ki, Azərbaycanın gözəl gələcəyi var. Milli-mənəvi dəyərlərimiz, dövlətin həyata keçirdiyi tədbirlər, eyni zamanda, ölkəmizin zəngin resursları gənclərimizin inkişafı üçün hər cür şərait yaradır. Qürurverici haldır ki, təhsil, elm, mədəniyyət, incəsənət və idman sahələrində Azərbaycan bayrağını dalğalandıran, himnimizi səsləndirən, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasını özünün əsas vəzifəsi bilən yüksək intellektli vətənpərvər gənclərimiz var.