MƏDƏNİYYƏT
Misir mətbuatı Azərbaycanla turizm sahəsində əlaqələrin inkişafından yazıb
Qahirə, 19 avqust, AZƏRTAC
Misir mətbuatı bu ölkənin Azərbaycanla turizm əlaqələrinin inkişafı, xüsusən bu sahədə birgə fəaliyyət planının hazırlanması barədə xəbər və məqalələr yayımlayıb.
AZƏRTAC xəbər verir ki, rəsmi MENA agentliyi bununla bağlı Misir Xarici İşlər Nazirliyinin məlumatını yayımlayıb. Xəbərdə qeyd olunub ki, Misirin Azərbaycandakı səfiri Hişam Abdel Həmidin Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşündə iki ölkə arasında turizm əlaqələrinin inkişafının perspektivləri müzakirə olunub. Tərəflər birgə fəaliyyət planının hazırlanması, turizm sahəsində təcrübə mübadiləsi, turizm sənayesi nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və qarşılıqlı təbliğatın artırılması istiqamətində fikir mübadiləsi aparıblar.
“Əl Əhram”, “Əxbar Əl Yom”, “Əxbarak”, “Əl Balad” qəzet və portallarında dərc olunan yazılarda qeyd olunub ki, Misirin səfiri Azərbaycanın zəngin turizm potensialına, həmçinin misirli turistlərə təklif edilə biləcək çeşidli turizm məhsullarına və multikultural dəyərlərə malik olduğunu, Bakıdan Şarm əl-Şeyxə uçuşlarla yanaşı, Bakı-Qahirə-Bakı birbaşa aviareyslərin açılmasının turizm səfərlərinin sayının artmasına təsir edə biləcəyini bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə