SİYASƏT
Misir nəşri Prezident İlham Əliyevin İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə toplantısındakı çıxışından yazıb
Qahirə, 11 mart, AZƏRTAC
Misirin “Əl Vəsilə” nəşrində dərc edilmiş jurnalist və tədqiqatçı Əhməd Abdo Tərabikin “İqtisadi Əməkdaşlıq Təşkilatın çərçivəsində əməkdaşlığın perspektivləri müzakirə olunub” sərlövhəli məqaləsində Azərbaycan Prezidenti İlham Əliyevin təşkilatın martın 4-də keçirilmiş XIV onlayn Zirvə toplantısında çıxışından bəhs edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə dövlətimizin başçısının Zirvə toplantısında COVID-19 pandemiyası dövründə və ondan sonra iqtisadi əməkdaşlığın yeni üsullarla davam etdirməsinin zəruriliyi barədə fikirləri yer alıb. Müəllif qeyd edib ki, Azərbaycan Prezidenti ticarətin asanlaşdırılması məqsədilə yeni mexanizmlərin işlənib hazırlanması, gömrük proseduralarının sadələşdirilməsi, yükdaşımalarının diversifikasiyası və rəqəmsal transformasiya imkanlarından geniş istifadə edilməsinin zəruriliyini vurğulayıb.
Məqalədə İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin də Azərbaycanda yerləşəcəyi, Zirvə toplantısı zamanı bu mərkəzin nizamnaməsinin imzalandığı diqqətə çatdırılıb.
Müəllif Zirvə toplantısında Pakistanın Baş naziri İmran Xanın, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Qazaxıstan Prezidenti Kasım Jomart-Tokayevin çıxışlarında İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin əməkdaşlığına dair yeni layihə və təşəbbüslərdən də yazıb.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə