DÜNYA
Misirdə COVID-19 əleyhinə vaksin istehsal olunacaq
Qahirə, 18 fevral, AZƏRTAC
Misirdə COVID-19 əleyhinə vaksin istehsal olunacaq. Bu barədə Brüsseldə keçirilən VI Avropa İttifaqı-Afrika İttifaqı Sammiti çərçivəsində Misir Prezidenti Əbdülfəttah əl-Sisi ilə görüşən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Gebreyesus bildirib.
AZƏRTAC xəbər verir ki, ÜST-nin rəhbəri Misirlə yanaşı, Cənubi Afrika, Tunis, Seneqal, Nigeriya və Keniyada da vaksin istehsalı həyata keçiriləcəyini deyib. O əlavə edib ki, sammitdə Afrika ölkələrinin liderləri tərəfindən COVID-19 vaksini bölgüsünün ədalətsiz olmasına dair fikirlər tamamilə haqlıdır. T.A.Gebreyesusun sözlərinə görə, Afrika ölkələrində vaksin istehsalı bu problemin həllində mühüm rol oynayacaq və bu prosesləri reallaşdırmaq məqsədilə yetərli texniki dəstək veriləcək. Bundan başqa, afrikalı mütəxəssislərin də xüsusi kurslarda təlimi təşkil olunacaq.
ÜST-nin Baş direktoru vurğulayıb ki, pandemiya əleyhinə mübarizədə vaksin və dərman preparatları istehsalının yalnız bir neçə şirkətə həvalə edilməsi təhlükəli tendensiyadır. Qlobal təchizatı təmin etmək üçün dünyanın müxtəlif qitələrində və regionlarında yeni istehsal obyektləri fəaliyyət göstərməlidir.
T.A.Gebreyesusun bu təşəbbüsü sammitdə iştirak edən Avropa İttifaqının rəhbərləri və Fransa Prezidenti Emmanuel Makron tərəfindən də dəstəklənib. Misir Prezidenti isə tezliklə onun ölkəsində vaksin istehsalı üçün bütün şəraitin mövcud olduğunu bildirib.
Oqtay Bayramov
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə