SİYASƏT
Misirli politoloq: Prezident İlham Əliyevin yürütdüyü ölçülüb-biçilmiş və şəffaf xarici siyasət sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib
Qahirə, 16 oktyabr, AZƏRTAC
Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyatın bütün sahələrində - siyasi, iqtisadi, sosial, mədəni və digər sahələrdə böyük uğurlar qazanılıb, ictimai-siyasi sabitlik və təhlükəsizlik təmin edilib.
Misirli nüfuzlu siyasi şərhçi, “MENA” Dövlət İnformasiya Agentliyinin baş redaktorunun müavini Xaled Qobeyşi bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.
Onun sözlərinə görə, bu dövrdə iqtisadi sahədə ardıcıl islahatlar aparılıb, həm energetikada, həm də qeyri-neft sektorunda sanballı uğurlar qazanılıb.
“Azərbaycanda iqtisadiyyatın daimi və sürətli artımı müşahidə olunur və bu artım təsadüf deyil, Prezident İlham Əliyevin israrlı səylərinin nəticəsidir. Prezident İlham Əliyev ölkənin iqtisadi potensialının möhkəmlənməsinə həmişə böyük diqqət yetirir, hər bir vətəndaşın və bütövlükdə ölkənin həyat səviyyəsini yüksəltmək üçün genişmiqyaslı planlar və layihələr həyata keçirir. Bu gün Azərbaycan güclü və sabit iqtisadiyyatı olan dövlət kimi tanınıb”, - deyən X.Qobeyşi vurğulayıb ki, İlham Əliyev öz ölkəsini addım-addım bu cür inanılmaz yüksəlişə və tərəqqiyə doğru aparan, dəqiq strateji təsəvvürə malik olan uzaqgörən siyasətçidir.
Xaled Qobeyşi xüsusi vurğulayıb ki, Prezident İlham Əliyev öz xalqına verdiyi vədləri yerinə yetirən siyasətçidir. O deyib: “Azərbaycan dövlətinin başçısı bu vəzifədə fəaliyyəti dövründə ölkədə demokratiya prinsiplərini möhkəmlədib, vətəndaşların hüquq və azadlıqlarını təmin edib. Bunu demək kifayətdir ki, hazırda Azərbaycanda 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı, 4 mindən çox qeyri-kommersiya təşkilatı, 2 mindən çox KİV, habelə öz sıralarında təqribən 2 milyon nəfəri birləşdirən həmkarlar ittifaqları fəaliyyət göstərir”.
AZƏRTAC-ın müsahibi belə bir fakta diqqəti cəlb edib ki, Azərbaycanda sonuncu prezident seçkilərinin yekunları, ölkə vətəndaşlarının seçkilərdə iştirak faizinin yüksək olması və fəal səsvermə demokratiyanın təntənəsinin, xalqın öz liderinə və onun yürütdüyü siyasi və sosial-iqtisadi kursa yüksək etimadının əyani göstəricisidir.
Misirli politoloq bildirib ki, bu illər ərzində Azərbaycanda tolerantlıq, multikulturalizm, dinlərarası və mədəniyyətlərarası dialoq ənənələri də möhkəmlənib. X.Qobeyşi deyib: “Azərbaycan müdrik siyasətçi İlham Əliyevin rəhbərliyi ilə regionda və dünyada dinlərarası və sivilizasiyalararası dialoqun əsas mərkəzlərindən birinə çevrilib”.
Azərbaycanın xarici siyasət kursu mövzusuna da toxunan politoloq vurğulayıb ki, İlham Əliyev öz prezidentliyi dövrünün lap əvvəlindən ardıcıl, ölçülüb-biçilmiş və şəffaf xarici siyasət yürüdüb, bunun sayəsində ölkənin beynəlxalq aləmdə nüfuzu möhkəmlənib, Azərbaycanın dostlarının sayı artıb. Ölkə aparıcı beynəlxalq təşkilatların tamhüquqlu üzvünə çevrilib, etimad qazanmış və hərəkətləri proqnozlaşdırıla bilən tərəfdaş olub. Bunu xatırlatmaq kifayətdir ki, Azərbaycan böyük səs çoxluğu ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Bu, Azərbaycan tarixində əlamətdar hadisə sayılır. Bu gün Azərbaycan beynəlxalq aləmdə layiqli tərəfdaş imici qazanıb və bu, heç şübhəsiz, Prezident İlham Əliyevin adı ilə bağlıdır.
Xaled Qobeyşi əmin olduğunu bildirib ki, Prezident İlham Əliyevin müdrik siyasəti sayəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli tapılacaq.
Asya Hacızadə
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə