DÜNYA
Moldova parlamenti prezident seçkilərini noyabrın 1-nə təyin edib
Bakı, 21 may, AZƏRTAC
Moldova parlamenti dövlət başçısı postuna ümummilli seçkiləri 2020-ci il noyabrın 1-nə təyin edib.
AZƏRTAC Moldova KİV-lərinə istinadla xəbər verir ki, bu barədə qərar Prezident İqor Dodonun təklifi üzrə qanunverici orqanın mayın 21-də keçirilən iclasında qəbul olunub.
Bir müddət öncə ölkənin ən populyar siyasətçisi İqor Dodon dövlət başçısının səsverməni təxirə salmağa və hakimiyyətini uzatmağa çalışması barədə söz-söhbətlərə son qoymaq üçün seçkilərin keçirilmə vaxtının əvvəlcədən müəyyən edilməsi barədə təklif irəli sürmüşdü. Ardınca onu dəstəkləyən Sosialistlər partiyası müvafiq qanunverici təşəbbüsü parlamentin müzakirəsinə çıxarmışdı.
Qeyd edək ki, Moldovada 2016-cı il noyabrın 13-də keçirilən prezident seçkilərində qələbə qazanan İqor Dodon dekabrın 23-də səlahiyyətlərinin icrasına başlayıb. O, prezident postuna ikinci müddətə seçilmək üçün namizədliyini irəli sürəcəyini istisna etməyib. Sosialistlər partiyası isə öz növbəsində İqor Dodonun namizədliyini dəstəkləyəcəyini bildirib. Seçkilərdə hazırkı prezidentin əsas rəqibi 2016-cı ildə ona məğlub olan Avropa yönlü fəaliyyət və həmrəylik partiyasının lideri Mayya Sandu ola bilər.