CƏMİYYƏT


Müalicəvi bitki vannaları yayda çox tərləmənin qarşısını alır

Bakı, 21 iyun, AZƏRTAC

Tərləmə bədənin isti və soyuq balansını qorumaqla orqanizmin termorequlyasiya mexanizmini tənzimləyir. Lakin tərləmə normal hal olsa da, həddindən çox baş verməsi problemin olduğuna işarədir. Tərləmədən narahatlıq keçirənlərlə yay mövsümündə çox rastlaşırıq. Normadan artıq tərləmə hiperhidroz adlanır. Bu, sinir sistemi və xroniki xəstəliklər, xüsusilə vegetativ nevroz və virus infeksiyaları zamanı daha çox artır.

Həkim-fitoterapevt Elnur Eldaroğlu AZƏRTAC-a açıqlamasında hiperhidroz zamanı tətbiq edilən fitoterapiya üsulları barədə danışıb: “Müalicəyə tərləmənin səbəbini müəyyən etdikdən sonra başlamaq məsləhətdir. Nəzərə almaq lazımdır ki, tərləmə hava kəskin dəyişdiyi zaman daha çox baş verə bilər. Bu səbəbdən, çöldəki hava şəraiti ilə içəridəki havanın bir-birindən kəskin fərqlənməməsinə diqqət etmək lazımdır. Misal üçün, havanın temperaturu 35°-dirsə, məkanı 16°-ə qədər soyutmaq olmaz. Bu, orqanizm üçün ziyandır və xüsusən sinir sisteminə mənfi təsir göstərir”.

Elnur Eldaroğlunun dediyinə görə, fitoterapiya ilə müalicə zamanı ən effektli təsirə malik bitkilərdən biri bənövşə çiçəyidir.

“Bundan başqa, yatiqqanqal, çobanyastığı və evkalipt bitkiləri də faydalıdır. Bu bitkilərin hərəsindən 1 xörək qaşığı olmaqla 1 litr qaynar suda dəmlənir. Sonra dəmləməni suya əlavə edərək müalicəvi bitki vannası qəbul etmək lazımdır. Bundan başqa suya çobanyastığı yağı və kəklikotunun efir yağı da əlavə edilə bilər. Müalicə üsulu ilə günaşırı vanna qəbul etmək çox tərləmənin qarşısını alır. Daxilə qəbul etmək üçün isə bənövşə və yatiqqanqal bitki çayları məsləhətlidir. Uşaqlarda tərləmədən sonra bişməcələr müşahidə edildiyi halda isə tənzifi bənövşə, yatiqqanqal və çobanyastığı kimi bitkiləri dəmləməsində isladıb bişməcə olan hissələri silmək kifayətdir”, - deyərək həkim məsləhət verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.