İQTİSADİYYAT
“Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik” mövzusunda təlim təşkil edilib
Bakı, 22 yanvar, AZƏRTAC
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin təşkilatçılığı ilə "Müasir iqtisadi inkişaf kontekstində Azərbaycanda idarəçilik" mövzusunda təlim keçirilib.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, ixracatçı sahibkarların maarifləndirilməsi üçün nəzərdə tutulan təlimdə sahibkarların müasir dövrdə idarəçilik problemləri, idarəetmə sisteminin qurulması, idarəetmədə strateji baxışlar və onların əsas fəaliyyət istiqamətləri, şirkət sahibkarlarının əsas funksiyaları, habelə nüfuzlu şirkətlərdə baş verən hadisələr və nümunələr haqqında danışılıb.
"Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə Prezident İlham Əliyevin ölkəmizdə ixracın asanlaşdırılması və şaxələndirilməsi istiqamətində həyata keçirdiyi islahatlar barədə məlumat verərək qeyd edib ki, mərkəz son bir il ərzində Azərbaycanın ixrac siyasətində önəmli rol oyanıb. İxraca Dəstək Mərkəzi korporativ idarəçilik mədəniyyətinin formalaşdırılması baxımından maarifləndirmə siyasətini daima davam etdirəcək.
Peşəkar biznes təlimçi Fəxri Ağayev deyib ki, idarəçilik özəl sektorun əsas ehtiyac duyduğu məsələlərdən biridir: "Bu gün ixrac potensialının artırılması üçün birbaşa və dolayı təsirlər var. Peşəkar idarəetmə həm birbaşa, həm də dolayı yolla ixracımızı stimullaşdıracaq".