ORDU
Müdafiə naziri hərbi şəhərciklərdə aparılan əsaslı tikinti işləri ilə tanış olub VİDEO
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Fevralın 14-də müdafiə naziri, general-polkovnik Zakir Həsənov və müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Nəcməddin Sadıqov yeni tikilən hərbi şəhərciklərdəki inşa işlərinin gedişi ilə tanış olublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin rəhbərliyi əvvəlcə hərbi şəhərciklərdən birinin ərazisində qısa müddətdə yeni tikilərək istifadəyə verilən müasir tipli qazanxanaya və geniş sıra meydanına baxıblar. Burada inşası davam etdirilən yeməkxana, əsgər yataqxanası və başqa inzibati obyektlərdə də işlərin tez bir zamanda sona çatdırılması gözlənilir.
Yeni salınan digər hərbi şəhərciyə baş çəkən müdafiə naziri ərazinin perspektiv tikinti-quruculuq planını nəzərdən keçirərək inşaat işlərini aparan heyətə müvafiq tapşırıq və tövsiyələrini verib.
Hərbi şəhərciklər zəruri infrastrukturla yanaşı, müasir tələblərə cavab verən bütün məişət şəraiti ilə təmin edilib. Həmçinin ailəli hərbi qulluqçuların ehtiyacları da nəzərə alınmaqla geniş mənzillər, eləcə də gizirlər üçün yataqxana kompleksi inşa edilir.
Bu hərbi şəhərciklərdə işlərin 2015-ci ilin yay aylarında başa çatdırılması planlaşdırılır.