ELM VƏ TƏHSİL
Müəllimlər savadlılıq və müasir cəmiyyətə dair beynəlxalq konfransa dəvət olunurlar
Bakı, 28 iyul, AZƏRTAC
Noyabrın 28-29-da Kiprin Nikosiya şəhərində “Savadlılıq və müasir cəmiyyət: məkan, mühakimə və təcrübə” mövzusunda ikinci beynəlxalq konfrans keçiriləcək.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfransın keçirilməsində məqsəd savadlılığın müxtəlif aspektlərinin öyrənilməsinə yardım etmək və müvafiq məsələlərin müzakirəsini asanlaşdırmaqdır. Tədbir müəllimlər, bakalavrlar, aspirantlar, doktorantlar, alimlər, tədqiqatçılar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, həmçinin dil və savadlılığın təbliği ilə məşğul olan digər maraqlı tərəflər üçün nəzərdə tutulub.
Konfransda iştirak müvafiq mövzulardan biri barədə təqdimat, poster (plakat), simpozium və ya seminarın hazırlanması şəklində olacaq. Müəllimlər konfransda iştirak formalarından (təqdimat, poster, simpozium və ya seminar) birini seçməli, bu barədə öz təkliflərini hazırlamalı, tədbirin internet səhifəsində (http://www.pi.ac.cy/literacy) yerləşdirilmiş forma ilə birgə sentyabrın 10-dək təqdim etməlidirlər.