MƏDƏNİYYƏT


Muğam Mərkəzində Şirvan aşıqlarının konserti olacaq

Bakı, 6 noyabr, AZƏRTAC

Noyabrın 8-də Beynəlxalq Muğam Mərkəzinin “Aşıq musiqisi axşamları” layihəsi çərçivəsində Şirvan aşıqları konsert proqramı ilə çıxış edəcəklər.

Muğam Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun dəstəyi ilə reallaşan layihənin budəfəki konsertində tanınmış aşıqlardan Əvəzxan Xankişiyev, Əli Tapdıqoğlu, Ağamurad Şirvanlı və digər sevilən aşıqların ifaları dinləniləcək. Layihənin əsas məqsədi şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin təbliğidir.

Aşıq sənəti xalqın fəlsəfi mədəniyyətinin formalaşdığı xüsusi bədii təfəkkür sahəsidir. Sənətin bu növündə poeziya, musiqi, rəqs, ifaçılıq kimi sahələr sintez olunub. 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilib.

Beynəlxalq Muğam Mərkəzi Azərbaycan milli musiqisinin təbliğinə həsr olunmuş bir neçə layihə həyata keçirir. Bu silsilədən “Muğam axşamları”, “Dastan gecələri”, “Etnik musiqi inciləri”, “Aşıq musiqisi axşamları”nı qeyd edə bilərik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.